Sahibkarlarla bağlı qanun təsdiqləndi

Sahibkarlarla bağlı qanun təsdiqləndi
  17 Aprel 2015    Oxunub:1668
Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.

Parlamentdən AzVision.az-a verilən məlumata görə, komitə sədrinin müavini Eldar Quliyev xatırladıb ki, bu qanun kənd təsərrüfatının inkişafı ilə bağlı Azərbaycan Prezidentinin ötən il verdiyi fərmandan irəli gələn tövsiyələr əsasında hazırlanıb. Layihə bu yaxınlarda birinci oxunuşda Milli Məclisin müzakirəsindən keçib. Deputatlar qanunun vacibliyini və aktuallığını, kənd təsərrüfatında çalışan sahibkarların və məhsul istehsalçılarının gərəkli iqtisadi məlumatlarla təmin edilməsinə, həmçinin ölkəmizdə aqrar-sənaye kompleksinin inkişafına və ərzaq təhlükəsizliyinə təkan verəcəyini vurğulayıblar. İşçi qrup plenar iclasda səslənmiş irad və təklifləri nəzərə alaraq sənədi daha da təkmilləşdirib.

Sonra iclasda Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə birinci oxunuşdan sonra qanun layihəsində edilmiş dəyişikliklər barədə ətraflı məlumat verib. Bildirib ki, deputatların təkliflərinə əsasən, layihəyə 8 yeni müddəa əlavə edilib, 2 maddə və 4 müddəa sənəddən çıxarılıb, 17 maddədə isə 50-yə yaxın əlavə və dəyişiklik aparılıb. Komitə üzvləri müzakirə zamanı hazırda 4 fəsil, 23 maddədən ibarət olan “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsinin vacibliyini bir daha vurğuladılar. Bəzi təkliflər verildi. İclasa dəvət olunmuş Kənd Təsərrüfatı və İqtisadiyyat və Sənaye nazirliklərinin məsul nümayəndələri qanun layihəsi barədə fikirlərini açıqladılar. Komitədə səslənmiş təkliflər nəzərə alınmaq şərti ilə qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edildi.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti