Sahibkarların gözlədiyi qanun qəbul olundu

Sahibkarların gözlədiyi qanun qəbul olundu
  12 Fevral 2016    Oxunub:3983
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul olunub.
AzVision.az xəbər verir ki, layihə barədə komitə sədri Ziyad Səmədzadə məlumat verib və bildirib ki, layihə Azərbaycanda sahibkarlığın inkişafı, yerli istehsal və bazarın qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, layihənin hazırlanmasında beynəlxalq təcrübədən geniş istifadə olunub. Sənəd bir sıra sazişlər və konvensiyaların müddəaları əsasənda hazırlanıb. Əsas məqsəd müxtəlif ölkələrdən Azərbaycana dempinqli subsidiyalaşdırılmış idxalın qarışısında müvafiq tədbirlərin görülməsidir.

Qanun layihəsində 3 qrup tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Layihədə antidempinq, kompensasiya və müahafizə tədbirləri yer alıb. Bu tədbirlər Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ölkədə həyata keçirilən istehsalat proseslərinin və məhsulların qorunmasına yönəlib. Tədbirlər dempinqli, subsidiyalaşdırılmış idxalın ölkə bazarına təsirini azaltmaq, minimallaşdırmaq üçün nəzərdə tutulub.

Qanun layihəsi qəbul olunandan sonra müvafiq araşdırma orqanı tərəfindən məhsulların idxalı ilə bağlı araşdırmalar aparılacaq.

Hansısa məhsulun idxalının dempinqli olduğu ortaya çıxarsa və ya hər hansı məhsulun idxalının sürətli şəkildə artımının yerli istehsala vurduğu ziyan müəyyənləşdirilərsə, beynəlxalq təcrübə ilə müəyyən edilmiş meyarlar əsasında müvafiq rüsumlar tətbiq olunacaq və digər tədbirlər görüləcək. Burada hansısa malın idxalının qadağan olunmasından söhbət getmir. Məhz dempinqli idxal zamanı yerli istehsala vurulacaq zərərin qarşısının alınmasın söhbət gedir.

Araşdırma orqanı kompensasiya, dempinq, antidempiq rüsumları ilə bağlı hökumətə müvafiq təkliflər təqdim edəcək və təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Hər hansı məsulun xarici bazarda satış qiymətinin daha yüksək olduğu, lakin dempinq tətbiq olunaraq Azərbaycana aşağı qiymətlə idxal edildiyi müəyyən edilərsə, antidempinq üsulu tətbiq olunacaq. Xarici ölkədə hansısa məhsula xüsusi subsidiyalar tətbiq olunubsa və onların ölkəyə daxil olunması zamanı qiymət prioritetinin pozulması baş verərəsə, kompensasiya tədbirləri tətbiq olunacaq. Mühafizə tədbirləri isə hansısa bir məhsulun kəskin idxal artımı nəticəsində ölkə daxilində istehsalata vurulan ziyanın qarşısı alınması üçün görüləcək. Tətbiq olunan tədbirlər və rüsumlar hər bir halda dempinq, kompensasiya və subsidiyanın məbləğinə bərabər şəkildə müəyyən ediləcək.

Qeyd edək ki, yeni layihə müzakirə olunduqdan sonra birinci oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti