Sahibkarlara 84 milyon kredit verildi

Sahibkarlara 84 milyon kredit verildi
  28 May 2015    Oxunub:1582
Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Hacıqabul rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Hacıqabulda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Hacıqabul rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, ət kəsimi, pendir istehsalı, meyvəqurutma, dondurma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 2400-dən çox sahibkara 83,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sənayeləşmə siyasəti çərçivəsində qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni sənaye məhsulları istehsalı sahələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də dövlət başçısının tapşırığına uyğun olaraq, güzəştli kreditlər hesabına müasir texnologiyalara əsaslanan tikinti materialları istehsalının yaradılmasıdır. Bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 21 tikinti materiallarının istehsalı müəssisəsinin yaradılmasına və ən müasir texnologiya və avadanlıqlarla təchiz edilməsinə 72 milyon manat kredit verilib. Almaniya, İtaliya, Türkiyə və digər ölkələrin müasir texnologiya və avadanlıqları əsasında qurulmuş 18 müəssisə artıq istifadəyə verilib. Bu müəssisələrin fəaliyyətə başlaması istehlakçıların tələbatına uyğun yüksək keyfiyyətli müxtəlif tikinti materialları ilə təmin etməyə imkan yaradır.

İşgüzar forum çərçivəsində Hacıqabul və ətraf rayonlardan olan 55 sahibkara 800 min manatdan çox güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, taxılçılıq, kartofçuluq, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Hacıqabulda güzəştli kredit ayrılmış tikinti materialları istehsalı zavoduna baxış keçirilib. İldə 3,5 milyon kvadrat metr kafel-metlax istehsal etmək gücündə olan bu müəssisədə 360 nəfər çalışır. Müəssisəsinin fəaliyyətə başlaması ölkəmizin bu məhsullara olan tələbatının böyük hissəsinin ödənilməsinə şərait yaradıb.


Teqlər:





Xəbər lenti