Sabahdan seçki prosesi başlayır

Sabahdan seçki prosesi başlayır
  21 Oktyabr 2014    Oxunub:1519
Azərbaycanda oktyabrın 22-dən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə start veriləcək. AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlumat verilib.

Qanunvericiliyə əsasən bələdiyyə seçkilərinin təyin edilməsi barədə MSK-nın qərarı dərc edildiyi gündən bələdiyyə üzvlüyünə namizədlər irəli sürülə bilər. Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi proseduru seçki gününə 30 gün qalmış başa çatır.

Bələdiyyə üzvlüyünə namizədlərin təşviqat kampaniyası bələdiyyə seçkilərinə 23 gün qalmış başlayacaq, bələdiyyə seçkilərinə 1 sutka qalmış - yəni dekabrın 22-də saat 24:00-da başa çatacaq.

Həmçinin iclasda qeyd olunub ki, Bələdiyyə seçkiləri zamanı seçicilərin seçki məntəqələrinə gəlməsini asanlaşdırmaq üçün avtobuslar təşkil edilə bilər. MSK sədri Məzahir Pənahov bildirib ki, bələdiyyə seçkiləri dekabr ayına, yəni qış ayına təsadüf etdiyi üçün rayonlarda, kəndlərdə seçicilərin seçki məntəqələrinə gəlib səs verməsi üçün müəyyən problemlər yarana bilər. M.Pənahovun sözlərinə görə, xüsusən də seçki məntəqələrindən uzaqda yaşayan seçicilər yol şəraitinin pis olması və ya avtomobilin olmaması səbəbindən seçki məntəqələrinə gəlməkdə çətinlik çəkə bilərlər:

“Ona görə də dairə seçki komissiyaları və aidiyyəti qurumlar bu məsələdə hazırlıqlı olmalıdır. Seçkilərin və seçicilərin seçki məntəqələrinə gəlib səs verməsinin təşkili dairə seçki komissiyalarının və aidiyyəti qurumların borcudur”.

MSK sədri, eyni zamanda, seçki məntəqələrinin yaxınlığında avtobus dayanacaqlarının yaradılmasını məqsədəuyğun sayıb. O, qeyd edib ki, seçkilər yaxınlaşdıqca bu məsələlər daha da qabardılacaq.


Anar



Teqlər:  





Xəbər lenti