Rusiyada yazıçımızın əsərinə qadağa qoyuldu

Rusiyada yazıçımızın əsərinə qadağa qoyuldu
  26 May 2016    Oxunub:2324
Yazıçımız Varisin mayın 18-də Rusiyanın ən böyük ədəbi portalı olan «Proza.ru»da (gündəlik oxucu sayı – 1000000 nəfər) dərc edilən, bir azərbaycanlı şəhid anasının real yaşantılarını əks etdirən «Yaş əsgər çəkmələri» hekayəsi qısa müddət ərzində çox böyük oxucu auditoriyası, çoxsaylı resenziya və rəylər toplayaraq gündəmi tutmuşdu.

Oxucular erməni işğalçılarının timsalında bütün insan qanı axıdan müharibə təşkilatçılarını lənətləməkdəydilər.

Ötən gün «Proza.ru» rəhbərliyi hekayəni saytdan çıxararaq yazıçıya bu barədə belə bir bildiriş göndərib: «Sizi məlum edirik ki, «Yaş əsgər çəkmələri» əsəriniz «Proza.ru» serverində dərc edilmək qaydalarına zidd olduğuna, 3.2 maddəsinin tələblərini pozduğuna görə dərcdən çıxarılmışdır. Bu maddəyə görə, Rusiya Federasiyası qanunvericiliyi ilə qadağan edilmiş məzmuna malik əsərlər dərcə buraxılmır».

Rusiya Yazıçılar Birliyinin üzvü olan, «Qu quşu rəqsi» hekayəsi RYB-nin 2015-ci ilin ən yaxşı nəsr nümunələrini özündə birləşdirən «Proza. 2015» almanaxına daxil edilən yazıçımız server rəhbərliyi ilə əlaqəyə girərək konkret cavab almağa çalışmışdır, cavab bu cür olmuşdur:

«Siz «İşğalçı erməni silahlı qüvvələri» söz birləşməsindən istifadə etməklə millətlərarası münaqişəni qızışdırmağı qadağan edən Rusiya qanunvericiliyini pozmusunuz. Bizim müəlliflər tək Rusiya ərazisində deyil, başqa ölkələrdə, o cümlədən də, Ermənistanda yaşadıqlarına görə, sizin nəzər nöqtəniz başqalarının nəzər nöqtələri ilə kardinal dərəcədə fərqlənə bilər. Bundan başqa, sizin əsəriniz bütün dünyanı əhatə edən oxucu kontingentimiz arasında da fərqli və neqativ reaksiya yarada bilər».

Yazıçıya başqa mənbələrdən məlum olmuşdur ki, «Yaş əsgər çəkmələri»nin dərcdən çıxarılması üçün onlarla erməni yazarı, eləcə də yüzlərlə erməni oxucu sayt rəhbərliyinə şikayət edib.

Xatırladaq ki, Yazıçımızın Beynəlxalq Moskva Ədəbi Mükafatının finalçısı olması şərəfinə olduqca nüfuzlu «Sovremenniki i klassiki» seriyasından nəşr edilən «Yanvarın 13 günü» kitabında da Qarabağ həqiqətlərinə toxunulur.

Dünyanın 23 ölkəsində satışa çıxarılan həmin kitab da ermənilərin kəskin etirazına səbəb olub. Amma kitabın satışdan yığışdırılmasına onlar nail ola bilmirlər. Kitabın satış faizi isə get-gedə yüksəlir.


Teqlər:





Xəbər lenti