Ruhani ABŞ-la barışmaq istəyir

Ruhani ABŞ-la barışmaq istəyir
  20 Sentyabr 2014    Oxunub:1479
BMT Baş Assambleyasının iclasına qatılmaq üçün Nyu-Yorka səfər edən İran prezidenti Həsən Ruhani sentyabrın 18-də Amerikanın NBC telekanalına müsahibəsində İran-ABŞ münasibətlərindən danışıb.
H.Ruhani deyib: “İran-ABŞ əlaqələri ilə bağlı problem münasib bir vaxtda həllini tapacaq. Güman edirəm ki, iki ölkə arasında əlaqələrin olmaması əbədi və həmişəlik deyil”.

“ABŞ prezidentinin İrana səfərini proqnozlaşdıra bilərsinizmi” sualına İran prezidenti belə cavab verib: “Hər halda hesab edirəm ki, ölkələrimiz arasında münasibətlərin olmaması qiyamət gününə qədər davam edəsi deyil. Düşünürəm ki, iki ölkə arasında problem ya mənim hökumətə başçılıq etdiyim vaxtda, ya da növbəti hökumətdə, ola bilsin, bir az da başqa vaxtda həllini tapacaq. Bu ixtilaflar 100 il indiki kimi qalan deyil”.

Ruhani deyib ki, onun hələlik ABŞ prezidenti Barak Obama ilə görüşmək planı yoxdur: “Buna baxmayaraq siyasət aləmində hər şey mümkündür. Mənim başçılıq etdiyim hökumətin iradəsi ona yönəlib ki, ölkələrimiz arasında çaxnaşmanı minimuma endirək, xalqlarımızın bir-birinə yaxınlaşmasına şərait yaradaq. Güman edirəm ki, İranla ABŞ xalqlarının yaxın əlaqəsi çox problemin həllinə yardım göstərə bilər, ABŞ siyasətçilərinin qarşısında yeni yollar açar” (“Media forum”).


Teqlər:





Xəbər lenti