Rəşid Behbudov İsraildə anılacaq

Rəşid Behbudov İsraildə anılacaq
  01 Dekabr 2015    Oxunub:3998
2015-ci il dekabrın ortalarında İsrailin Netanya şəhərindəki mədəniyyət evində məşhur Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbir keçiriləcək.

“Odlar yurdu” İsrail-Azərbaycan teatr truppasının bədii rəhbəri Səadət Şükürova deyib ki, Rəşid Behbudov sözün həqiqi mənasında dünyada Azərbaycanın brendidir: “Rəşid Behbudov Bolqarıstanda, Macarıstanda, İtaliyada, Hindistanda, Çində, Suriyada, Türkiyədə, Misirdə, İordaniyada, İranda, İraqda, Finlandiyada, Polşada və Latın Amerikası ölkələrində qastrol səfərlərində olub. Bütün bu ölkələrdə Rəşid Behbudov konsertlərini “Azərbaycan” mahnısı ilə başlayır və bu mahnı ilə başa çatdırırdı.

Bu böyük Azərbaycan müğənnisi bənzərsiz və əlçatmaz sənətkar kimi yaşadı. Həqiqi artistizm, lirizm, Tanrı vergisi olan bənzərsiz səsinə görə Rəşid Behbudovun tayı-bərabəri yox idi. Rəşid Behbudov şöhrətin zirvəsində ikən qəflətən və gözlənilmədən dünyasını dəyişdi, onu sevənlərin qəlbində əsl vətənpərvər kimi qaldı. Məhz bu səbəbdən bizim İsrail-Azərbaycan truppası Rəşid Behbudova həsr edilmiş bayram gecəsi keçirməyi özünə borc və şərəf bilir”.

Rejissor Səadət Şükürova sonda qeyd edib ki, təntənəli yubiley gecəsi dekabrın 19-da İsrailin Netanya şəhərindəki mədəniyyət evində (Geyxal Tarbut) keçiriləcək.


Teqlər:





Xəbər lenti