Qeyri-neft vergi daxilolmalarının həcmi artıb - Statistika

Qeyri-neft vergi daxilolmalarının həcmi artıb - Statistika
  28 İyul 2016    Oxunub:1851
Azərbaycanda qeyri-neft sektorunda iqtisadi fəallığın canlanması 2016-cı ilin birinci yarısında da davam edib və bu sektorun ÜDM-dəki payı yüksələrək 65,2%-i ötüb.
Vergilər Nazirliyidən AzVision.az - a verilən xəbərə görə, qeyri-neft sektorunda yüksək artım ümumilikdə ölkə üzrə vergi daxilolmalarının həcminə də mühüm təsir göstərib. Bu ilin ilk altı ayı ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 milyard 190,1 milyon manat vəsait toplanaraq proqnoza 102% əməl edilib.

Vergilərin 929 milyon manatı və ya 29,1%-i dövlət sektorundan, 2 milyard 261,1 milyon manatı və ya 70,9%-i isə qeyri-dövlət sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsinə 2 milyard 495,4 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 215,1 milyon manat və ya 9,4% çoxdur. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7 bənd artaraq 78,2% təşkil edib.

Qeyri-neft sektorunun inkişafına müsbət təsir edən əsas amillərdən biri səmərəli vergi siyasətinin həyata keçirilməsidir. Azərbaycanın ildən-ilə təkmilləşən vergi sistemi sahibkarlıq fəaliyyətinin genişlənməsi, investisiyaların təşviqi baxımından mühüm rol oynayıb. Son illərdə bu sahədə aparılan davamlı islahatlar qeyri-neft sektorunun inkişafına mühüm zəmin yaradıb. Əlverişli investisiya mühitinin mövcudluğu və ölkədə iqtisadi fəallığın yüksəldilməsi vergi ödəyicilərinin sayının əhəmiyyətli dərəcədə artımına imkan verib. Vergi sisteminin texnoloji cəhətdən modernləşdirilməsi, inzibatçılığın keyfiyyətcə yaxşılaşdırılması sayəsində vergi daxilolmalarının həcmi 2006-2015-ci illər üzrə 2,6 dəfə, qeyri-neft sektoru üzrə 4,9 dəfə artıb. Daxilolmaların strukturunda qeyri-neft sektorunun payının 80%-ə yaxınlaşması bu sektordan əldə olunan gəlirlərin artdığını göstərir.

Xatırladaq ki, 2014-cü ildə dövlət büdcəsinə vergi daxilolmalarının ümumi həcmi
7 milyard 113,7 milyon manat təşkil etmişdi ki, bu vəsaitin 2 milyard 807,2 milyon manatı neft-qaz sektorundan gələn daxilolmalar idi. Həmin il büdcəyə qeyri-neft-qaz sektoru üzrə 4 milyard 306,5 milyon manat vəsait daxil olmuşdu ki, bu da 2013-cü ilin göstəriciləri ilə müqayisədə 14,5% çox idi. 2015-ci ildə də bu artım dinamikası davam edib və qeyri-neft sektorundan vergi daxilolmalarının payı 70,6%-ə çatıb.

Həyata keçirilən iqtisadi siyasətə uyğun olaraq, son illər qeyri-neft gəlirlərinin ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artımı ardıcıl və davamlı səciyyə daşıyan təmayülə çevrilmişdir. Fiziki şəxslərdən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların bazasının enişləndirilməsi, vergi daxilolmalarının yığım əmsalının artması, respublikanın şəhər və rayonları üzrə gəlir və xərclərin tarazlaşdırılması, neftdənkənar sahələrdə iqtisadi fəallığın güclənməsi, yeni müəssisələrin yaradılması ilə ödəmə həcminin artması qeyri-neft sektorundan dövlət büdcəsinə vergi daxilolmalarının artımında mühüm rol oynamaqdadır.

2016-cı ilin ilk yarısında ölkəmizdə 500-dən artıq yeni müəssisə yaradılıb. O da müsbət qiymətləndirilməlidir ki, yeni yaranan müəssisələrin böyük qismi bölgələrin payına düşür. Bunlar əsasən qeyri-neft sektorunu əhatə edən 200-ə yaxın orta və iri müəssisələrdir. Yeni müəssisələrin fəaliyyətə başlaması vergi daxilolmalarında əlavə mənbələrin cəlb edilməsinə mühüm təsir göstərir. Həyata keçirilən tədbirlər sayəsində qeyri-neft sektorunda istehsalın 9,7 faiz-bənd artmasına nail olunub.
2016-cı il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, sahibkarlıq subyektlərinin sərəncamında daha çox vəsaitin qalmasına imkan verir.

Elə bunun sayəsində də özəl sektordan vergi daxilolmalarının həcminin artması müşahidə olunur. Bunlarla yanaşı, cari ildən tikinti sektorunun vergiyə cəlb olunmasında mühüm təkmilləşdirilmələr aparılıb. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə vergitutma rejimində seçim hüququ verilib, daşınmaz əmlakın satışının sadələşdirilmiş vergiyə cəlb edilməsinə başlanılıb. Bu amillər, eləcə də müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi və vergidən yayınmaların qarşısının alınması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməsi də qeyri-neft vergi gəlirlərinin həcminin artmasına öz təsirini göstərməkdədir.

AzVision.az


Teqlər:





Xəbər lenti