Qərbi Azərbaycanı ermənilərə kim vermişdi – TARİXİ ARAŞDIRMA

Qərbi Azərbaycanı ermənilərə kim vermişdi – TARİXİ ARAŞDIRMA
  27 May 2016    Oxunub:103220
Vasif Qafarov
Tarix üzrə fəlsəfə doktoru, dosent

(Yazının əvvəlini BURADANoxuya bilərsiniz)

...Azərbaycan nümayəndələri 1918-ci il mayın 23-də Batumdan Ənvər paşaya yazılı bir müraciət də göndərdilər. Bu müraciət Azərbaycan nümayəndələrinin erməni dövlətinin yaradılması məsələsi ilə bağlı mövqeyi və ortaya qoyduqları arqumentləri öyrənmək baxımındn əhəmiyyətli olduğu üçün onun mətnini tam şəkildə vermək istəyirik.

Müraciətdə deyilirdi:

“Paşa Həzrətləri! …Osmanlı hökumətinin tashih-i hüdud haqqındakı təklifi ilə müttəhid Qafqaz fikri məhv olur. Üç – gürcü, müsəlman və erməni kantonu əvəzinə yalnız iki kanton qalır. Çünki Axalkələk, Aleksandropol, Eçmiədzin, Sürməli sancaqları ilə İrəvan sancağının bir qisminin ilhaqından sonra Ermənistan kantonunun qism-i küllisi Türkiyəyə keçmiş olur. Qeyd edilən kantonun Cənubi Qafqaz daxilində qalan qismi isə o qədər məhdud və az bir şeydir ki, həmin hüdud daxilində bir kanton təşkilindən qətiyyən bəhs oluna bilməz.

Sayca ermənilər Cənubi Qafqazda çox bulunuyorsalar da, onlar ufak-ufak kıtalarla müsəlman ərazi meydanına səpilmiş bir halda olub, bu ayrı-ayrı parçalardan bir erməni kantonu biçmək nə coğrafiyaca mümkün, nə də felən təsəvvür olunur, müsəlman əhali belə bir təklifi dinləmək belə istəməz.

İki kantonlu müttəhid Qafqaz hökumətinə gəlincə, buna da gürcülər qətiyyən razı deyildirlər. Onlar işin belə müşkül bir şəklə müncər olacağı ilə hasil olacaq ihtilalat-ı daxiliyəyi kamilən təqdirlə kəndi yüklərini sudan çıxarmaq üçün ikna olunucağını təxmin eylədikləri yanğına iştirak etməmək, ermənilərlə əlaqəni pisləşdirməmək və eyni zamanda da kəndi ərazilərini bir sel kimi gələcək olan erməni mühacirətinə qarşı müdafiə eyləmək üzrə kəndi istiqlallarını elan ilə Qafqaz vahdaniyətindən xaric müstəqil bir siyasət ittihazına qərar vermişlərdir.

İş bu dərəcəyə gəlincə, təbiidir ki, biz də Şimali Qafqaz ilə birlikdə Qafqaz müsəlmanlarının istiqlalını elan etməliyik. Fəqət indiki halda məsələnin belə bir şəkil alması müvafiqdirmi?

Bizə elə gəlir ki, bu, Trabzonda irad olunub da Batumda bir daha tevezzuh edən mulahazat ilə pek də müvafiq olamaz. Acaba Türkiyə, kiçik qardaş bulunan Azərbaycan və ümumiyyətlə böyük türk siyasətindən ötrü bakalım hansı yol müvafiqdir. Kəndi daxilində hüsn-i intiqamla meşyu, daima fırsat ardından koşan və ilk imkan bulunca arxamızdan xəncəri vurmaq zeyniyətində qalan erməni arzu-yı millisi münker və hər zaman türk siyasəti əleyhində mudahelat-ı əcnəbiyəyi ihtar edən intriqalara vasitə olacaq bir buçuk milyonluq bir erməni kütləsi bulundurmaqmı, yoxsa türk akvamı ilə muhat, sevkül-ceyş nokta-yı nazarınca zararsız və amal-ı milliyesince təmin olunmuş kiçik bir erməni kantonumu? Siyasət-i milliyemiz nokta-yı nazarından bizcə ikinci şəkil daha faydalı və münasib olsa gərək…

Biz daha erməni kantonu təsisindən bəhs etdikdə məqsədimiz erməniləri müdafiə deyil, kəndi siyasətimiz, türk siyasət-i umumiyesi nokta-yı nəzərindən baxır və məsələni bu siyasət kaidəsinə həll etmək istəyirik…”


Müraciətnamənin sonuna Azərbaycanın Batum sülh konfransındakı nümayəndələri olan M.H.Hacınski və M.Ə.Rəsulzadədən başqa Əhməd bəy (Can Baba), A.Səfikürdski, Ə.C.Pepinov, M.Y.Cəfərov, F.X.Xoyski, N.Yusifbəyli və X.Xasməmmədov imza atmışdılar. Bu müraciətnamənin göndərilməsindən bir gün əvvəl – mayın 22-də Ə.Hüseynzadə və Ə.Ağaoğlu da Tələt paşaya və Ənvər paşaya eyni məzmunlu bir müraciətnamə göndərmişdilər.

Bütün bunlara baxmayaraq, Osmanlı dövləti Batum konfransında irəli sürdüyü ərazi tələbləri üzərində israrla durmuşdu və heç bir güzəştə getmək fikrində deyildi. Belə olan təqdirdə Xəlil bəy üçüncü bir yol seçdi ki, bu da Türkiyənin ermənilərdən aldığı torpaqların əvəzində azərbaycanlılara məxsus ərazilərin bir qismini onlardan alıb ermənilərə verməkdən ibarət idi. Bu təklif ilk əvvəl ermənilər tərəfindən irəli sürülmüşdü. Trabzon konfransı uğursuzluqla nəticələndikdən sonra Osmanlı dövlətinin tələbləri qarşısına silahla çıxmağın əsas tərəfdarı olan ermənilər indi daha da sərtləşən türk tələbləri qarşısında əlacsız bir vəziyyətə düşmüşdülər.

Onlar “erməni məsələsi”nin beynəlxalq bir problem olduğunu önə çəkərək, Osmanlı dövlətinin ermənilərə ayırdığı ərazilərin erməni xalqının yaşaması üçün həddindən çox az olmasından şikayətlənir və bildirirdilər ki, Türkiyənin təklif etdiyi sərhədlər iki xalq arasında daimi bir düşmənçiliyə yol açacaqdır. Erməni nümayəndələri sərt türk tələbləri qarşısında çıxış yolu kimi təklif edirdilər ki, heç olmasa Azərbaycan torpaqlarından müəyyən bir ərazi ermənilərə verilsin. Bunun qarşılığında ermənilərlə müsəlmanlar arasında olan düşmənçilik də aradan qalxacaq və ermənilər Bakıdakı müsəlman əhalinin təhlükəsizliyini təmin etməyi öz üzərlərinə götürəcəklər.

Xəlil bəy bu məsələ ilə əlaqədar M.Ə.Rəsulzadə və M.H.Hacınski ilə bir sıra danışıqlar apardı və nəticədə Osmanlı yardımına böyük ehtiyac duyan Azərbaycan nümayəndələrinin razılığını ala bildi. Xəlil bəy dərhal bu barədə İstanbula məlumat verdi, amma adı keçən təklifin guya Azərbaycan nümayəndələrindən ona gəldiyini önə çəkdi və bunu xüsusi vurğuladı.

O, Tələt paşaya göndərdiyi 26 may tarixli teleqramında yazırdı: “…Müsəlman nümayəndələr bu gün səhər yanıma gəldilər. Bakıdakı vəziyyətlə bağlı çox qayğılıdırlar. Zira, bu şəhər ermənilərin əlindədir. Bunun üçün bizə tərk ediləcək ərazinin ötəsində erməniləri qismən təmin edəcək bir kanun (ocaq, yurd - V.Q.) kəndilərinə ayırmaq istədilər. Sonradan daşnaksütyunların xaricində olub da bu gün Tiflisdə kəsb-i əhəmiyyət edən nümayəndələr, bir erməni fırkasının rəisi gəldi. O da bu şəkildə yekunun tərəfdarı göründü. Bizə əvvəlcə vukubulan işar-ı dövlətlərinə istinad edərək Osmanlı hökumətinin böylə bir kanunun ayrılmasına qarşı olmadığını bildirdim. Bunun üçün bir neçə gün müddət istədi. Və ultimatum veriləcəksə bunun heç olmasa üç gün müddət ilə verilməsini rica etdi. Bu, böylə bir anlaşma gerçəkləşərsə, adı keçən (erməni nümayəndəsi – V.Q.) İstanbula bir heyət göndərilərək Hökumət-i Səniyyəyə sədaqət ərz ediləcəyini də əlavə edərək bir az da bizim tərəfə lütf və xoş münasibət göstərilməsini rica etdi. Ermənilər tarafına bu surətlə vukubulacaq təzahürün Avropa və Amerikada yapacağı təsir çox yaxşı olacaqdır”.

Lakin Ənvər paşa çox sərt bir şəkildə bu təklifə qarşı çıxdı. O, 27 may 1918-ci il tarixində Vehib paşaya göndərdiyi teleqramında yazırdı:
“Xəlil bəyin teleqramından anlaşıldığına görə, ermənilər bizdən kaybetdikləri ərazilərə müqabil Cənubi Qafqaz müsəlmanlarına aid ərazidən bir qisim almaq istəyirlərmiş və müsəlmanlar da buna muvafakat edəcəklərmiş. Məncə bu tamamilə yanlışdır. Əgər bu gün Qafqazda beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə əmrləri Amerikadan alaraq, o tərəfdən gələn ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olacaqdır. Və bizim üçün şərqdə bir Bolqarıstan daha yaranar ki, bu da bizim üçün Rusiyadan daha zərərli bir düşmən olar. Çünki ermənilərin bütün mənafe və əməlləri bizim məmləkətimizdədir. Dolayısıyla, bu təhlükəni indidən ortadan qaldırmaq üçün ermənilərin kiçik bir hökumət halında belə təşəkkül etməməsini və müsəlmanlarla gürcülər arasında, bizim qüvvətlərimizin yardımı və təsirinin ən çox olduğu bu dövrdə bölüşdürülməsini, müsəlmanların ermənilərə heç bir haqq və ərazi verməmələrini təmin etməyi və bununla yanaşı bu gün ermənilərin əlində olan müsəlmanların yaşadıqları İrəvan kimi məntəqənin belə müsəlmanlar tərəfindən işğal edilərək, bu surətlə müsəlmanlar yaşayan yerlərin ermənilərin əlindən qurtarılmasına xüsusilə cəhd göstərilməsini üstün tuturam. Mənafeyimizə ən çox uyğun olan bu şəkil gerçəkləşməzsə, onda ermənilərə də bir mövcudiyyət verilməsi qaçılmaz olar. Belə olan təqdirdə, ermənilərin gələcəkdə vücud bularaq yaşamayacaq surətdə olduqca çox zəif bir halda bırakılmalarına çalışmaq lazımdır. Həm hökumətimizin, həm də Qafqazdakı müsəlmanların indiki və gələcəkdəki mənafeləri ancaq bu surətlə təhlükədən qurtarıla bilər…”

Buradan da açıq-aydın göründüyü kimi, Ənvər paşa da Tələt paşa ilə eyni mövqedən çıxış edərək, Qafqazda erməni dövlətinin yaranmasına imkan verməmək, ermənilərin yaşadığı əraziləri Azərbaycanla Gürcüstan arasında bölüşdürmək və müsəlmanların məskunlaşdığı əraziləri ermənilərdən təmizləmək istəyirdi. Bu mümkün olmadığı təqdirdə, Ənvər paşa yaranacaq erməni dövlətinin yaşamayacaq dərəcədə olduqca zəif bir şəkildə təşkil edilməsini vacib sayırdı və qətiyyətlə İrəvanın ermənilərə verilməsinə qarşı çıxırdı.

Amma Xəlil bəy də Azərbaycan nümayəndələri kimi reallıqdan çıxış edərək bildirirdi ki, kiçik bir ərazidə də olursa olsun erməni dövləti yaradılmalıdır və bölgədə səpələnmiş halda olan ermənilər bu dövlətdə yerləşdirilməlidir. O, Tələt paşaya göndərdiyi 28 may 1918-ci il tarixli şifrəli teleqramında yazırdı:
“…Vehib paşa həzrətləri … Gümrüdə beş min evdən yalnız iki yüz evin müsəlman olduğunu və Aleksandropol sancağında iki yüz əlli min erməni bulunduğunu və bizə ilhaqdan sonra nə yolda idarə edilə biləcəyində çaşqın bulunduğunu söylədi. Yüzdə səksən beşi erməni olan Axalkələk qəzasıyla digər yerlərlə bərabər olduqca dağlıq və sarb bir məmləkətdə dörd yüz minə yaxın erməni başımıza alıyoruz deməkdir. İnşaallah sonunu xeyirli etsin. Rus ermənilərinin bizimkilərin tərbiyəçisi və müəllimi olduğunu da nəzəri-diqqətə alıram. Hərhalda çox xətalı bir yolu təqib etməkdə olduğumuzda israr edirəm. Ermənilərin Bolqarıstana bənzədilməsi fərqli müqayisədir. Bolqarıstan Avropada və İstanbul yolunun üzərindədir. Böyük Slavyan ailəsinin cüzi və böyük bir siyasət pişdarıdır və bizi İstanbula doğru sıxışdıraraq arxasını böyük xristian dövlətlərinə istinad etdirmişdir. Asiyada və böyük türk dövlət və millətlərin əhatəsində qalacaq olan ermənilərin qonşularına tabe olmaqdan başqa çarəsi yoxdur. Bu günkü yarım tədbir həm bizi, həm də Qafqazı yakacakdır və bəlkə məsələni daha da çətinliyə yuvarlayacaqdır…”

Tələt və Ənvər paşalardan fərqli olaraq, Vehib paşa da mövcud reallığı dəyərləndirən Xəlil bəylə eyni mövqedən çıxış edirdi. O, Ənvər paşanın teleqramına 29 may 1918-ci il tarixində verdiyi cavabda “verilən əmrləri yerinə yetirmək üçün çalışdıqlarını” bildirməklə yanaşı onu da qeyd edirdi ki, “erməniləri büsbütün qeyri-mövcud edə bilmərik. Hər halda onlara bir vücud vermək zərurət və məcburiyyətindəyik”. Batumdakı türk heyətinin mövqeyinə görə yaradılacaq erməni dövləti Eçmiədzin və Yeni Bəyazid qəzalarından ibarət olmalı idi.

Bu durum qarşısında Ənvər paşa Batuma göndərdiyi 29 may tarixli təlimatında Osmanlı dövlətinin mərkəzi Gəncə olan hökumətlə (Azərbaycanla) birbaşa sərhədinin olmasının vacibliyini bildirirdi. Ənvər paşanın mövqeyinə görə, Qarakilsənin şimalından da Osmanlı dövlətinin Azərbaycanla birbaşa sərhədi olmalı idi. Belə olan təqdirdə Osmanlı dövlətinin bir tərəfdən Naxçıvandan, digər tərəfdən də Qarakilsədən Azərbaycanla sərhədi olurdu. Ermənistanın isə Gürcüstanla birbaşa əlaqəsi kəsilirdi və o, Osmanlı dövləti ilə Azərbaycan arasında bir ada şəklində qalırdı.

Batumdakı Azərbaycan və Ermənistan nümayəndələri arasında, eyni zamanda Osmanlı-Azərbaycan-Erməni üçtərəfli danışıqlarında ərazi-sərhəd məsələləri ilə bağlı müzakirələr aparıldı və razılıq əldə edildi ki, Azərbaycan “Aleksandropol quberniyası” hüdudlarında erməni dövlətinin yaradılmasına razıdır. İrəvanı siyasi mərkəz kimi Ermənistana güzəştə getmək məcburiyyətində olan Azərbaycan nümayəndələri şəhəri bu şərtlə güzəştə getməyə razı oldular ki, ermənilər Yelizavetpol quberniyasının bir hissəsinə, yəni Qarabağın dağlıq hissəsinə olan iddialarından imtina etsinlər. Bundan başqa, ermənilərin türk-müsəlmanlara qarşı törətməkdə olduqları soyqırım aktlarının dayandırılması və yeni yaradılan erməni dövlətinin nəzarətində olacaq ərazilərdə yaşayan türk-müsəlmanların taleyi ilə bağlı Azərbaycan tərəfinin ortaya qoyduğu mövqe Osmanlı nümayəndəliyi tərəfindən dəstəkləndi. Bakıdakı daşnak silahlı qüvvələrinin şəhərdən çıxarılması və erməni daşnak hökumətinin Bakıdakı S.Şaumyanla əlaqəyə girib şəhərdəki müsəlman əhalisinin təhlükəsizliyinin təmin edilməsini öz üzərinə götürməsi də X.Menteşə-A.Xatisyan-M.Ə.Rəsulzadə arasında aparılan danışıqlarda əsas mövzulardan idi.

Nəticeyi-kəlam, sərt və ultimativ şəkildə aparılan danışıqların yekununda İrəvan mərkəz olmaqla ətraf Azərbaycan ərazilərində erməni dövlətinin yaradılması müqavilində erməni tərəfi Azərbaycan və Osmanlı imperatorluğu qarşısında bir sıra öhdəliklər yerinə yetirməyi öz üzərinə götürdü və bunlar Osmanlı imperatorluğu ilə yeni yaradılan Ermənistan Respublikası arasında imzalanan 30-31 may və 4 iyun 1918-ci il tarixli protokol və müqavilələrdə təsbit edildi. Həmin öhdəliklər aşağıdakılar idi:

1.
Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi Stepan Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır (Osmanlı-Ermənistan “Sülh və Dostluq” müqaviləsinin 5 və 11-ci maddələri).

2. Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar dayandırılacaqdır.

3. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində yaşayan müsəlmanların sərbəst dini ibadət, azan oxunması, mədəniyyət, ictimai və siyasi fəaliyyət və ana dilində təhsil almaq hüquqlarını təmin edəcək və müsəlmanlar erməni əhalinin sahib olduğu bütün hüquqlara sahib olacaqlar (Osmanlı-Ermənistan “Sülh və Dostluq” müqaviləsinin 6-cı maddəsi və III əlavəsi).

4. Ermənistan hökuməti Azərbaycana qarşı ərazi iddialarından, xüsusən də Yelizavetpol quberniyasının bir hissəsinə, yəni Qarabağın dağlıq hissəsinə olan iddialarından imtina edəcəkdir.

5. Ermənistan Respublikası Azərbaycanla vahid konfederativ dövlətdə birləşmək üçün çalışacaqdır.

Nəticə etibarilə, baş komandan vəkili və hərbi nazir Ənvər paşanın bütün xəbərdarlıqlarına baxmayaraq, Xəlil bəyin rəhbərlik etdiyi Batumdakı türk heyəti Azərbaycan torpaqları hesabına ermənilərin lehinə bir sıra ərazi güzəştlərinə gedərək, İrəvan şəhərinin də daxil olduğu Yeni Bəyazid və Eçmiədzin bölgələrindən ibarət bir Ermənistan dövlətinin qurulmasını təsdiqlədi.

Batumdan göndərilən direktiv əsasında Azərbaycan Milli Şurasının 1918-ci il mayın 29-da Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən iclasında İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi müzakirə olundu. Baş nazir F.X.Xoyski Ermənistanla Azərbaycan arasında sərhəd məsələləri barədə Şuranın üzvləri ilə Ermənistan Milli Şurasının üzvləri arasında aparılmış danışıqlar haqqında məlumat verdi. Fətəli Xan öz məruzəsində ermənilərin özlərinin siyasi mərkəzlərini yaratmaq üçün Aleksandropol türklər tərəfindən tutulduqdan sonra İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz olduğunu bəyan etdi.

Daha sonra bu məsələ ilə bağlı X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov və M.Məhərrəmov çıxış edərək İrəvanın ermənilərə güzəştə gedilməsinin tarixi zərurət, lakin bizim üçün qaçılmaz acı bir həqiqət olduğunu qeyd etdilər. Nəticədə 28 nəfər Şura üzvündən 16 nəfəri bu təklifin lehinə səs verdi. Bununla da İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi ermənilərin xeyrinə həll edilmiş oldu.

Qeyd etdiyimiz kimi, Bakının Sovet Rusiyasının qoruduğu Şaumyan rejiminin əlində olması, bolşevik-daşnak alyansı tərəfindən Azərbaycanın bir çox qəzalarında müsəlman əhaliyə qarşı törədilən qırğın və talanlar və bununla bağlı ölkədə tüğyan edən anarxiya qarşısında Osmanlı dövlətinin hərbi yardımına böyük ehtiyac duyan Azərbaycan nümayəndələri bu yardımı təmin etmək üçün türklərin bütün tələblərini qəbul etməyə məcbur oldular.

4 iyun 1918-ci il tarixində imzalanmış Batum müqaviləsinin şərtlərinə görə Ermənistan Respublikası Cənubi Qafqazda 9 min km2 ərazisi olan bir dövlət oldu. Ermənistan Respublikası Göyçə gölü ilə Osmanlı dövlətinin yeni sərhədləri arasındakı dar dağlıq ərazini əhatə edirdi. Bu ərazilər aşağıdakılardır: Yeni Bayazit qəzası (Basarkeçər adlanan cənub-şərq qismi istisna olmaqla), İrəvan qəzası (Qəmərli-Gərnibasar, Uluxanlı-Zəngibasar və Vedibasar istisna olmaqla), Eçmiədzin qəzası (Sərdarabad istisna olmaqla) və Aleksandropol qəzası (qəza mərkəzi Aleksandropol istisna olmaqla).

Yeni yaradılan Ermənistan Respublikası ərazisində cəmi 321.000 nəfər əhali yaşayırdı ki, onun da 230 mini erməni, 80 mini türk-müsəlman, 11 mini isə digər xalqların nümayəndələri idi. Ermənilər onlara ayrılan ərazinin azlığından yenidən şikayətləndikdə, Batum konfransındakı Osmanlı hərbi nümayəndəsi Mehmed Vehib paşa bildirdi ki, ermənilərə daha çox ərazinin qalması üçün Ermənistan daxilindəki bütün müsəlmanları böyük məmnuniyyətlə Türkiyəyə köçürə bilərik.

Beləliklə, Batum konfransındakı türk heyəti kiçik bir ərazidə öz nəzarəti altında olacaq bir erməni dövləti yaratdı və Osmanlı dövləti onu de-fakto tanıyan ilk dövlət oldu. Bununla da Osmanlı dövləti bir tərəfdən “erməni məsələsi” ilə bağlı beynəlxalq aləmdə ona qarşı olan “qınağ”ı aradan qaldırmış olur, digər tərəfdən də İngiltərə, Fransa və Rusiya kimi dövlətlərin Şərqi Anadoluda yaratmaq istədikləri erməni dövlətini Cənubi Qafqazda yaratmaqla problemi bir növ özündən uzaqlaşdırmış olurdu.


Teqlər:





Xəbər lenti