Qanunsuz tikintiyə görə 4 il həbs - Cəzalar sərtləşdi

Qanunsuz tikintiyə görə 4 il həbs - Cəzalar sərtləşdi
  28 Aprel 2015    Oxunub:4628
Milli Məclisin iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə, o cümlədən bundan irəli gələrək Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.
AzVisiona.z xəbər verir ki, layihələr barədə Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin (Tikintiyə icazə verilməsinin ümumi qaydaları) 1-ci hissəsinə təklif olunan əlavəyə görə, tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü artıq tək bu Məcəllənin 11-ci maddəsinə əsasən yox, “o cümlədən ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən də yoxlanılacaq”.

Maddənin 6-cı hissəsinə dəyişiklik edilməsi təklif olunur: "Müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla, həmin ərazi üzrə müfəssəl plan olduqda 1 ay müddətinə, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətinə baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir”.

Hazırda qüvvədə olan variant isə belədir: "Müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla 3 ay ərzində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədi ilə tikintiyə icazədə siyahısı və tətbiqi halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən əlavə şərtlər də nəzərdə tutulur.

Maddənin 7-ci hissəsinə isə belə bir cümlə əlavə olunur: “Tikintiyə icazənin, xüsusi nişanın forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Bundan başqa, Məcəllənin 80-ci (Məlumatlandırma icraatı) maddəsinə 1-1-ci hissə əlavə edilir: “İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur”.

Maddənin 3-cü hissəsinə (Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir) isə bir cümlə əlavə olunur: “Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin bu məcəllənin 11-ci maddəsinə (Şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi), “o cümlədən ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən də yoxlanılır”.

Maddənin 4-cü hissəsinə edilən dəyişikliyə əsasən isə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 ay yox, 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər.

Maddənin 82-ci maddəsinə (Tikintiyə icazə verən orqanın öhdəliyi) təklif olunan dəyişikliyə görə, məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 3 ay yox, 1 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat veriləcək.

Məcəllədə edilən əlavə və dəyişikliklər Cinayət Məcəlləsində də təsbit olunur. Məcəllənin 314-2.1-ci maddəsinə edilən əlavəyə görə, yuxarıda edilən əlavələrə əməl edilmədiyi halda 1 ilədək islah işləri və ya 3 ilədək müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məcəllənin 314-2.2-ci maddəsinə edilən dəyişikliyə görə isə, “ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməyə görə, 2 ilədək islah işləri və ya 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihələr səsə qoyularaq qəbul olunub.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti