QMİ-də müşavirə keçirilib

QMİ-də müşavirə keçirilib
  28 Fevral 2015    Oxunub:1460
Fevralın 28-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə birgə müşavirə keçirilib.
QMİ-dən AzVision.az-a verilən məlumata görə, hər iki qurumun rəhbərləri və mərkəzi aparatlarının iştirakı ilə keçirilən görüşdə dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib.

QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə və Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışlarında dini icmaların fəaliyyətinin daha da təkmilləşdirilməsi yönündə təkliflərini diqqətə çatdırıb, icmaların qeydiyyatı və dini vəzifələrə təyinat məsələləri, habelə milli mənəvi, ənənəvi dini dəyərlərin təbliği və inkişaf etdirilməsi iştiqamətində görüləcək işlər barədə məlumat veriblər.

Görüşdə QMİ sədrinin birinci müavini Salman Musayev, sədrin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli, QMİ Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək dini icmaların fəaliyyəti ilə bağlı məsələlərdən danışıblar. Çıxışlarda qurumlar arasındakı əməkdaşlıq və işbirliyindən razılıq ifadə olunub, məsləhətləşmələr və məşvərətlərin əhəmiyyətli olduğu vurğulanıb.

Allahşükür Paşazadə və Mübariz Qurbanlı tədbirdə iştirak edən din xadimlərinin suallarını cavablandırıb və irəli sürülən təkliflərə münasibət bildiriblər. Görüşdə QMİ-nin Qazılar Şurasının üzvləri, bölgələr üzrə səlahiyyətli nümayəndələri iştirak ediblər.



Teqlər:





Xəbər lenti