Putinin təhlükəli fikirləri – TƏHLİL

Putinin təhlükəli fikirləri – TƏHLİL
  18 Aprel 2014    Oxunub:1309
Ukraynada yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə Cenevrə şəhərində Ukrayna-ABŞ-AB-Rusiya formatında, xarici işlər nazirləri səviyyəsində danışıqların başıadığı gündə Rusiya prezidenti Vladimir Putin canlı bağlantıda əhalini maraqlandıran suallara cavab verib. Dörd saat davam edən canlı bağlantıda prezident 85 sualı cavablandırıb. Sualların əsas mövzusu Ukrayna və Krımla bağlı olub və Putin bu məsələdə öz mövqeyni geniş açıqlayıb.

Putin faktik olaraq Rusiya Federasiyası tərəfindən Krımın anneksiyasını – yəni, başqa dövlətin ərazisinin bir hissəsini birtərəfli qaydada, zor tətbiq etməklə özünə birləşdirilməsini etiraf edib. “Rusiya heç bir vaxt Krımda hər hansı anneksiya yaxud hərbi fəaliyyət planlaşdırmayıb”,- deyən Putin əlavə edib ki, “Lakin məhz belə bir vəziyyət yarandığı vaxt – hədə və sıxışdırılmaların mümkün olduğu vəziyyət, və Krım xalqı öz müqəddəratını müəyyənləşdirməyə can atması barədə danışmağa başladığı vaxt, əlbəttə, biz nə edəcəyimiz barədə düşünməyə başladıq”.

Bundan əlavə, Putin Krıma referendumdan əvvəl daxil olan və heç bir fərqləndirici nişanı olmayan hərbçilərin Rusiya ordusunun əsgər və zabitlərinin olduğunu etiraf edib: “Rusiya Krımda hərbi fəaliyyət həyata keçirməyi planlaşdırmırdı və yaranmış geosiyasi reallıqlara uyğun münasibətlər qurmağa hazırlaşırdı, ancaq rusdilli əhaliyə qarşı real təhlükələrin olması onu belə fəaliyyətə təhrik etdi... Əlbəttə ki, Krımdakı özünümüdafiə qüvvələrinin arxasında bizim hərbi qulluqçular dayanırdı və onlar çox düzgün, qətiyyətli və peşakarcasına fəaliyyət göstərdilər”.

Putin rusiyalı hərbiçilərin Krıma daxil olmasına haqq qazandıraraq bildirir ki, bunun səbəbi yarımadada təhlükəsiz şəraitdə referendumun keçirilməsini təmin etmək istəyi olub. Eyni zamanda, Rusiya prezidenti Krım xalqının öz müqəddəratını həll etmək istədiyini bildikdən sonra onlara yardım etmək qərarına gəldiyini söyləyir. Lakin prezident bir məsələyə aydınlıq gətirmir ki, krımlılar “öz imdad səsini” Kremlə necə və hansı formada çatdırıblar.

Belə çıxır ki, Putin dünyanın hansısa nöqtəsində hansısa xalqın öz müqəddəratını həll etmək istədiyini eşitdiyini iddia edərək və bunu əsas gətirərək, öz qoşunlarını həmin əraziyə göndərib “təhlükəsiz” referendum keçirə bilər? Görəsən, Putin öz ərazisində yaşayan başqa millətlərin öz müqəddəratını həll etmək istəklərinədəmi bu qədər qayğı ilə yanaşır? Qeyd olunan faktın baş verməsi və anneksiyanı həyata keçirmiş dövlət rəhbərinin ehtiyat etmədən bunu etiraf etməsi Rusiyanın öz qonşuluğunda olan dövlətlər üçün real təhlükə mənbəyi olmasından xəbər verir.

Putinin müsahibəsi kifayət qədər uzun sürdü və canlı bağlantının sonuna yaxın prezidentin Krım məsələsi ilə bağlı verdiyi açıqlamalarla əvvəl verdiyi açıqlamalar arasında kəskin ziddiyyət var idi. “Krım Qara dənizin mərkəzində yerləşir... Əgər bura NATO qüvvələri daxil olarsa və zərbə endirmə vasitələrini quraşdırarlarsa, bu, artıq bizim üçün geosiyasi əhəmiyyət daşıyacaq. Bu zaman Rusiya Qara dənizdən çıxarılmış olacaq və bizim orada cəmi 450-600 km. sahil hissəmiz qalacaq. Vəssalam. Bu, real olaraq Rusiyanın bizim üçün vacib olan regiondan çıxarılması anlamına gəlir” deməklə Putin Krımı birləşdirmənin əsil səbəbini açıqlamış oldu.

Rusiya Ukraynanın ərazisini özünə qatmaq hesabına Qara Dənizdə hərbi-dəniz donanmasının qalma müddətini uzatmaq istəyib. Rusiya həm hərbi, həm də iqtisadi mənada Qara Dəniz hövzəsindən çıxarılması ilə barışmaq istəmir.

Putinin yuxarıda qeyd olunan etiraflarını nəzərə alsaq, onun Ukraynanın cənub-şərq əyalətlərinə Rusiya qoşunlarının girmədiyi barədə dediklərinə inam, təbii ki, qalmır. Bu barədə suala cavab verərkən Putin bildirib ki, “Ukraynada Rusiyanın heç bir hərbi bölməsi yoxdur. Bunlar hamısı uydurmadır. Heç bir xüsusi xidmət orqanı, təlimatçı orada yoxdur. Bunlar hamısı yerli vətəndaşlardır”.

Danışıqlar öncəsi Rusiya prezidenti ölkəsinin Ukraynanın gələcəyilə bağlı öz mövqeyini də açıqladı və Lavrovun əsas tələblərinin nədən ibarət olacağını indidən demək mümkündür. Putin mayın 25-də keçiriləcək prezident seçkilərinin nəticələrini tanımayacaqlarını, seçkidən avvəl Ukraynada Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendumun keçirilməli olduğunu bildirdi: “Prezident seçkisi tamamilə qəbuledilməz formadadı. Əgər belə davam edərsə, biz, əlbəttə ki, mayın 25-dən sonra baş verənləri qəbul edə bilməyəcəyik. Qüvvədə olan Konstitisiyaya əsasən əgər canlı, fəaliyyətdə olan prezident varsa yeni prezidenti seçmək olmaz. Əgər Ukraynada prezident seçkilərinin legitim olmasını istəyirlərsə Konstitusiyanı dəyişmək və federalizasiya barədə danışmaq lazımdır”.

Belə bir nəticəyə gəlmək olar ki, Rusiya Ukraynanı bölmək və şərq hissəsini özünə birləşdirmək istəyir. Məhz bu səbəbdən ekspertlər Ukrayna-ABŞ-AB-Rusiya danışıqlarının nəticə verəcəyinə inanmırlar. Rusiyanın öz məqsədlərinə çatmaq üçün Ukrayna ərazisinə qoşun yeridəcəyi istisna olunmur. Putin növbəti dəfə xəbərdarlıq etdi : “Mən xatırladıram ki, Rusiya Federasiya Şurası prezidentə Ukraynada hərbi qüvvələrdən istifadə etmək hüququ tanıyıb. Ümid edirəm ki, mən bu hüququmdan istifadə etmək məcburiyyətində qalmayacam və biz dialoq vasitəsilə Ukraynadakı əsas problemləri həll edə biləcəyik”.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti