Putin Ərdoğandan necə qisas alacaq? - Rusiya KIV

Putin Ərdoğandan necə qisas alacaq? - Rusiya KIV
  25 Noyabr 2015    Oxunub:7341
Rusiya Suriya sərhədində “Su-24” tipli qırıcının vurulmasından sonra Türkiyə ilə birgə biznes-layihələr və hərbi əməkdaşlıqdan imtina etməyə hazırlaşır.

AzVision.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti hökumətdəki etibarlı mənbələrə istinadən xəbər verir.

Prezident Administrasiyasında olan mənbə bəyan edib ki, rəsmi Ankaraya qarşı olduqca sərt qərar qəbul ediləcək və bu olay Rusiya-Türkiyə əlaqələrinə bir çox sahələrdə təsir edəcək.

Mənbənin bildirdiyinə görə, “Qazprom” “Türk Axını” layihəsinin reallaşdırılmasının məqsədəuyğunluğunu yenidən nəzərdən keçirəcək.

Bundan əlavə Türkiyədə ilk Akkuyu AES-nin tikintisi ilə əlaqədar müqavilə də təhlükə altındadır. Belə ki, Rusiyanın “Rosatom” şirkətinin bu layihəsinin dəyəri 22 milyard ABŞ dollarıdır.

Qəzet yazır ki, Türkiyə öz növbəsində Rusiya gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsinə mane ola bilər ki, bu da Rusiyanın Suriyadakı Xmeymim bazasına silah-sursat çatdırılmasını çətinləşdirəcək. Lakin 1936-cı ildə imzalanan Montre konvensiyasına əsasən Ankara bu addımı yalnız ona qarşı müharibə təhlükəsi olacağı təqdirdə ata bilər. Lakin bu halda belə müəyyən məhdudiyyətlərlə olsa da Türkiyə boğazlardan Rusiya ticarət gəmilərini buraxmalıdır.

Türkiyə boğazlardan keçidi yalnız müharibədə iştirak edəcəyi təqdirdə bağlaya bilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti