Prezidentlər bəyanat verdi - Sənədlər imzalandı (FOTOLAR)

Prezidentlər bəyanat verdi - Sənədlər imzalandı (FOTOLAR)
  28 Noyabr 2015    Oxunub:4040
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti ilə Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko imzaladılar.

“Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq” haqqında müqaviləni Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşko imzaladılar.

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq” haqqında Protokolu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Belarus Respublikasının əmək və sosial müdafiə naziri Mariyanna Şotkina imzaladılar.

“Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” Sazişi Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və Belarus Respublikasının Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri Vladimir Qusakov imzaladılar.

Sənədlərin imzalanmasından sonra Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Fərmanı ilə Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev Azərbaycan ilə Belarus arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və inkişafına verdikləri töhfəyə görə Belarus Respublikasının “Şərəf” ordeni ilə təltif edildilər.

***

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış ediblər.

***

Noyabrın 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin bəyanatı:

- Sağ olun, hörmətli Aleksandr Qriqoryeviç.

Hörmətli xanımlar və cənablar.

Aleksandr Qriqoryeviç, mən ilk növbədə Sizə bu dəvətə, mənim və Azərbaycan nümayəndə heyətinin üzvlərinin Belarus torpağında hiss etdiyimiz qonaqpərvərliyə görə bir daha təşəkkür etmək istərdim. Bizim münasibətlərimizin gələcək inkişaf yollarını Sizinlə birlikdə müəyyən etmək üçün dost, qardaş Belarusa bir daha gəlməyimə şadam.

Bu gün mühüm sənədlər imzalanıb, onlar müxtəlif istiqamətlər üzrə gələcək inkişafımızı müəyyən edəcək. Prezidentlər tərəfindən Birgə Bəyannamə imzalanmasını xüsusi qeyd etmək istərdim. Bu Bəyannamə bizim həyat fəaliyyətimizin demək olar ki, bütün sahələrini əhatə edir. Orada bizim bir-birimizi daim dəstəklədiyimiz beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətimiz barədə də danışılır. İqtisadi, siyasi əməkdaşlıq, humanitar, sənaye istehsalı, hərbi-sənaye sahələrində əməkdaşlıqdan bəhs edilir. Bizim aramızda bütün bu istiqamətlər üzrə çox sıx münasibətlər, dostluğa, qardaşlığa, qarşılıqlı etimada əsaslanan münasibətlər yaranıb. Aleksandr Qriqoryeviçlə bu gün qeyd etdiyimiz kimi, biz bu münasibətləri illər boyu qurmuşuq. Bu gün həmin münasibətlərin səviyyəsi xalqlarımızın mənafelərinə uyğundur və bu münasibətləri strateji tərəfdaşlar arasındakı münasibətlər kimi səciyyələndirməyə imkan verir.

Biz həmişə bir-birimizi dəstəkləməyə çalışmışıq və bundan sonra da bizdən asılı olan nə varsa edəcəyik ki, Belarus və Azərbaycan daim bir-birinin dəstəyini hiss etsin. Beynəlxalq strukturlarda, iqtisadi kooperasiya çərçivəsində də bütün məsələlərdə bizim çox səmimi münasibətlərimiz var.

Biz iqtisadi sahədə gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyən etdik. Əlbəttə, Aleksandr Qriqoryeviçin fikrinə mən də şərikəm ki, böhran şəraitində ölkələrimiz arasında əmtəə dövriyyəsinin sabit qalması sevindirici haldır. Biz bu gün əmtəə dövriyyəsini xeyli artıra biləcək layihələri də çox ətraflı müzakirə etdik. Biz qarşılıqlı ticarətə daha artıq diqqət yetirməliyik, o cümlədən başqa ölkələrdən idxal etdiyimiz malları Belarusdan Azərbaycana, Azərbaycandan Belarusa idxal etməliyik. Müştərək istehsalatlar yaradılmasının artıq yaxşı tarixi var. Gəncə zavodu buna nümunədir, orada çox qısa müddətdə, bir ildən az vaxtda Belarus texnologiyaları üzrə istehsal qaydaya salınıb. Bu gün həmin zavod Azərbaycan ərazisində mühüm sənaye obyektidir.

Biz Azərbaycanda Belarus texnologiyaları əsasında başqa istehsalatlar yaradılması məsələlərini, həmçinin Belarusda Azərbaycanın kənd təsərrüfatı məhsullarının emal edilməsi üzrə istehsalatlar yaradılmasını nəzərdən keçirməyə hazırıq. Başqa sözlə desək, iqtisadi əlaqələrin möhkəmlənməsi, biznes strukturlarının fəal qarşılıqlı əlaqəsi üçün çox möhkəm siyasi baza vardır. Mənim Belarusa növbəti səfərim bunu əyani şəkildə təsdiq edir. Bu il Aleksandr Qriqoryeviç birinci Avropa Oyunlarının açılışında iştirak etmək üçün Azərbaycana gəlmişdi. Fürsətdən istifadə edib, Aleksandr Qriqoryeviçi gələn il Azərbaycana rəsmi səfərə bir daha dəvət etmək istəyirəm.

Bu səfərlər bizim xalqlarımız və region üçün yaxşı siqnaldır. Onlar praktiki baxımdan da çox faydalıdır, çünki səfərlər çərçivəsində biz planlar, layihələr barədə razılığa gəlir, sonra onları reallaşdırırıq. Mənim fikrimcə, münasibətlərimizin bir xüsusiyyəti də ondan ibarətdir ki, biz nə barədə razılığa gəlsək, onu yerinə yetiririk. Biz etibarlı tərəfdaşlarıq və münasibətlərimizi, dostluğumuzu qiymətləndiririk. Əminəm ki, münasibətlərimizin davamlı inkişafı gələcəkdə də təmin ediləcək. Belarus və Azərbaycan iki dost kimi uğurla irəliləyəcək. Bizim nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və diqqətə görə bir daha təşəkkür edirəm. Sağ olun.

Mətbuata bəyanatlar başa çatandan sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.












Teqlər:  





Xəbər lenti