Prezidentin Münhen səfəri nə vəd edir? - ŞƏRH

Prezidentin Münhen səfəri nə vəd edir? - ŞƏRH
  11 Fevral 2016    Oxunub:3539
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Ölkə başçısının konfransda enerji mövzusu ilə bağlı çıxış edəcəyi gözlənilir.

Azərbaycanın Münhen konfransında təmsil olunması ekspertlər tərəfindən müsbət qiymətləndirilir.

Millət vəkili, politoloq Rasim Musabəyovun sözlərinə görə, prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı Azərbaycanın Avropa üçün mühüm əhəmiyyət kəsb etməsindən xəbər verir.



“Münhen konfransı imkan verir ki, prezident orada liderlərlə görüşsün, Azərbaycanın baxışlarını həm fərdi görüşlərdə, həm də konfransdakı çıxışı zamanı daha geniş auditoriyaya çatdıra bilsin. Bildiyimiz kimi hazırda dünyada təhlükəsizlik məsələləri ilə bağlı vəziyyət ürək açan deyil. Suriya məsələsi, Rusiya-Türkiyə, Qərb-Rusiya, İran-Səudiyyə Ərəbistanı qarşıdurması davam edir. Gərgin vəziyyət bizim bölgəmizdən kənarda yaşanmır. Konfransda Azərbaycan Dağlıq Qarabağ probleminə diqqət cəlb edə bilər. Bu baxımdan hesab edirəm ki, ölkə başçısının Münhen konfransında iştirakı həm zəruri, həm də faydalı olacaq”.

Deputatın fikrincə, Münhen konfransı gələcək qərarların verilməsi üçün dialoq platformasıdır. Buradakı yanaşmalardan hər bir ölkə özü üçün nəticələr çıxarır.

Politoloq Elnur Sultanov hesab edir ki, Münhen konfransında əsas məqsəd prestij məsələsidir. Yəni, eksklüziv klublara dəvət olunma presjli hesab olunur.

“Dövlət rəhbərləri bu imkandan istifadə edərək problemləri bir daha gündəmə gətirmək üçün istifadə edirlər. Ona görə də bu konfransdan spesifik olaraq nə isə gözləmək doğru olmazdı”.



Prezidentin Almaniya səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına necə təsir edəcək?

Politoloq Qabil Hüseynlinin fikrincə, Azərbaycanın Almaniyada keçirilən konfransa dəvət olunması bizim üçün böyük etimaddır: “Doğrudur, Azərbaycanla Almaniya arasında bəzi məsələlərdə fikirayrılıqları olsa da, ticarət əlaqələri yüksələn xətlə inkişaf edir. Almaniya-Azərbaycan münasibətlərini soyuq hesab etmək olmaz. Xüsusilə, iki ölkə arasında münasibətlər son günlər xeyli yaxşılaşıb. Buna təsir edən amillərdən biri Almaniyanın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına dair bəyanatıdır. Almaniya tarixində ilk dəfə idi ki, Qarabağ münaqişəsinə düzgün qiymət verildi”.



Q.Hüseynli hesab edir ki, yaxın zamanlarda Almaniya Azərbaycan qazının alıcısına çevrilə bilər: “Almaniya qaz alışı mənbələrini genişləndirmək fikrindədir. Bu baxımdan iki ölkə arasında dərin fikir ayrılığı yoxdur. Bəzi fikir ayrılıqlarının üzərindən keçilərək, daha çox dövlətlərarası münasibətlərin inkişafına, Azərbaycanın daha çox Avropaya inteqrasiya etdirilməsi üçün səylərə diqqət yetirilir”, - deyə Q.Hüseynli bildirib.

Qeyd edək ki, 52-ci Münhen Təhlükəsizlik Konfransı fevralın 12-14-də keçiriləcək.

Elvin Abdulqədirov



Teqlər:  





Xəbər lenti