Prezidentin köçkünlərlə bağlı fərmanına deputatların reaksiyası

Prezidentin köçkünlərlə bağlı fərmanına deputatların reaksiyası
  24 Yanvar 2017    Oxunub:2744
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.

Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Ekspertlər hesab edirlər ki, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan fərman həmin kateqoriyadan olan ailələr üçün dövlət tərəfindən yaxşı maddi dəstəkdir.

Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov bildirib ki, ölkə başçısının imzaladığı fərman mühüm əhəmiyyətə malikdir. Deputatın sözlərinə görə, bundan sonra məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər onlara dövlət tərədindən ayrılan vəsaiti öz istəklərinə uyğun istifadə edə biləcəklər:

“Fərmanın verilməsində məqsəd dövlət tərəfindən büdcədən məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə ayrılan vəsaitin heç bir yerə yönəlmədən, nağd pul şəkilində birbaşa məcburi köçkünün özünə çatdırılmasıdır. Yəni, bu pul vəsaiti heç bir əlavə təşkilatın hesabına köçürülmədən birbaşa məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin pul kartına yerləşdiriləcək. Bu isə müəyyən neqativ halların qarşısını alacaq və sosial müdafiəni gücləndirəcək. Eyni zamanda belə olduqda pul vəsaiti məcburi köçkün və onlara bərabər tutulan şəxsin öz sərəncamında olacaq. Bununla da onlar yaşayış şəraitinə, ehtiyacına uyğun şəkildə öz istədiyi kimi bu pul vəsaitindən istifadə edə biləcəklər”.

E.Məmmədov qeyd edib ki, fərmanla məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin kommunal ödənişlərinin köçürmə yolu ilə ödənilməsi aradan qaldırılacaq: “Bundan əvvəl müavinət-“çörək pulu” məcburi köçkünlərin kartına köçürülürdü, ancaq kommunal ödənişlər üçün nəzərdə tutulan vəsait Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Azəriqaz”, “Azərişıq”, “Azərsu” və digər qurumların hesabına köçürülürdü. Yəni məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin kommunal ödənişləri köçürmə yolu ilə ödənilirdi. Yəni, məcburi köçkün bu vəsaiti görmürdü. İndi məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulan vəsait onlara nağd formasında veriləcək”.

Millət vəkili, Ağsaqqalar Şurasının sədri Fəttah Heydərov deyib ki, Azərbaycan prezidenti ölkədə bütün təbəqələrin sosial rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət ayırır: “Həmçinin cənab prezidentin məcburi köçkünlərə xüsusi diqqət ayırması göz önündədir. Ötən gün cənab prezidentin imzaladığı fərman da məcburi köçkünlərə göstərilən qayğının bariz nümunəsidir. Təbii ki, bu qayğı davamlı olacaq. Dünyada qlobal böhranlara son qoyulduqdan, haqq-ədalət öz yerini tutduqdan, məcburi köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra, onlara qayğı daha da çoxalacaq. Azərbaycan Prezidentinin işğal olunan ərazilərimiz geri qayıtdıqdan sonra çox böyük planları var. İnşallah onlar da tezliklə yerinə yetəcək”.

Millət vəkili Tahir Rzayevin fikrincə, prezident İlham Əliyevin son bir neçə gün ərzində həm minimum əmək haqlarının, həm pensiyaların sığorta hissəsinin artırılması, həm də ötən gün məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanları göstərir ki, sosial məsələlər, xüsusilə də əhalinin rifah halının yaxşılaşdırılması dövlət başçısının hər zaman diqqətindədir.

Deputat bildirib ki, qaçqın və məcburi köçkünlərə göstərilən diqqət bu gün də davam etməkdədir: “Bu gün Avropa 200-300 min qaçqının əlində əsir qalıb. Bununla bağlı nə qədər münaqişələr yaranır, sərhədlər bağlanır, həmin ölkələrin daxilində qaçqın və məcburi köçkünlərə münasibət gərginləşir. Lakin Azərbaycan 1988-ci ildən bu prosesin içərisindədir. O zamandan 27 il ötməsinə baxmayaraq, ölkəmizdə olan məcburi köçkünlərin yaşayış şəraiti yaxşılaşdırılıb, bəziləri fərdi evlərlə təmin olunublar. Bu, o qədər də asan proses deyil. Bütün çətinliklərə, eləcə də dünyada gedən qlobal iqtisadi böhrana baxmayaraq, ölkə başçısının məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərman imzalaması göstərir ki, məcburi köçkünlərlə bağlı məsələ dövlət başçısının qarşısında ilk məsələlərdəndir və onlara göstərilən qayğı bundan sonra da yaxşılaşdırılmalıdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti