Prezident və xanımı idman kompleksində - FOTOLAR

Prezident və xanımı idman kompleksində - FOTOLAR
  23 Oktyabr 2014    Oxunub:2278
Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakının Biləcəri qəsəbəsində Stend Atıcılığı İdman Kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulan bu kompleksin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb. Hazırda bu kompleksin baş planına əsasən ərazidə Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verən bina və qurğuların inşası sürətlə davam etdirilir.

Dövlət başçısı və xanımı kompleksin stend atıcılığı sahəsi ilə tanış oldular. Bildirildi ki, burada idmanın dairəvi və səngər stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Kompleksdə biri həm Olimpiya Oyunları, həm də dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulmaqla beş atıcılıq meydançası tikilir. Atıcılıq meydançalarının hər biri üçün baxış oturacaqları və 500 tamaşaçı yerlik tribuna inşa olunur. Bundan başqa, ərazidə sosial obyektlərin yaradılmasına da xüsusi diqqət göstərilir. Bu məqsədlə dördmərtəbəli mehmanxananın tikintisi aparılır ki, burada ikinəfərlik 20 otaq, iki VİP otaq olacaq. Binada konfrans zalı, iclas otağı, tibb və məşqçilər üçün otaqlar və restoran yerləşəcək. Layihəyə uyğun olaraq, ərazidə 500 yerlik avtomobil dayanacağı da tikiləcək.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva güllə atıcılığı sahəsi ilə də tanış oldular.

Bildirildi ki, Stend Atıcılığı İdman Kompleksi Avropada ən böyük atıcılıq komplekslərdən biri olacaq.

Dövlət başçısı inşaat işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti