Prezident nümayəndə heyətini qəbul edib

Prezident nümayəndə heyətini qəbul edib
  26 Sentyabr 2016    Oxunub:1072
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti və Genişlənmə Komitəsinin sədri, Avropa Xalq Partiyasının keçmiş sədr müavini David Marionun başçılıq etdiyi, Avropa Parlamentinin, Avropa ölkələrinin deputatlarının və bir sıra beynəlxalq təşkilatların əməkdaşlarının daxil olduğu nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, Avropa Xalq Partiyasının böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkəmizin müvafiq strukturları ilə Avropa Xalq Partiyası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan bir gündə ölkəmizə səfərini yaxın tərəfdaşlıq əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı əməkdaşlığımızın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirdi.

Dörd il bundan əvvəl Bakıya səfər etdiyini vurğulayan Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti və Genişlənmə Komitəsinin sədri David Mario ötən dövr ərzində paytaxtda böyük dəyişikliklərin şahidi olduğunu və həyata keçirilən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi.

David Mario bu gün səhər artıq bir neçə seçki məntəqəsində müşahidələr apardıqlarını dedi və gün ərzində Bakıda və ölkəmizin müxtəlif regionlarında müşahidələrini davam etdirəcəklərini bildirdi. Azərbaycan üçün əsas məsələlərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq ötən səfərində nümayəndə heyəti ilə birlikdə cəbhə bölgəsində olduğunu xatırladı və Avropa Xalq Partiyasının nümayəndələri olaraq münaqişə ilə bağlı əsl həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması işinə töhfə verə biləcəklərini vurğuladı. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan konstruktiv mövqeyini dəstəklədiklərini bildirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti