Prezident nazir və baş direktorla görüşüb

Prezident nazir və baş direktorla görüşüb
  25 Noyabr 2015    Oxunub:2160
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Latviya Respublikasının iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozolanı qəbul edib.
Xanım Dana Reizniece-Ozola Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Səfərdə onu Latviyanın müxtəlif sektorlar üzrə, o cümlədən informasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdən olan 30 biznesmenin müşayiət etdiyini vurğulayan nazir ölkəsinin iş adamlarının Azərbaycan ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını dedi.

Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu əlaqələrin dostluq münasibətlərinə əsaslandığını dedi. Latviya Prezidenti ilə çox yaxşı münasibətlərinin olduğunu vurğulayan Prezident İlham Əliyev bunu ölkələrarası münasibətlərin inkişafında mühüm amil kimi dəyərləndirdi. Azərbaycan-Latviya əlaqələrinin genişləndirilməsində ölkələrimizin müxtəlif strukturları arasında sıx qarşılıqlı fəaliyyətin önəmini qeyd edən dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızın xüsusi əhəmiyyət daşıdığını bildirdi. Prezident İlham Əliyev Latviyanın iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozolanın ölkəmizə səfəri zamanı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı vacib məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu dedi.

Dövlətimizin başçısı Prezident Raymonds Veyonisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Latviya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib. İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri rəhbərlik etdiyi təşkilatın XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinə göstərdiyi dəstəyə və yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qonaqların Bakı ilə ilk tanışlıqdan valeh olduqlarını vurğulayan Əbdüləziz Osman əl-Tuveycri paytaxtda gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi.

İSESCO-nun XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinin önəmini vurğulayan dövlətimizin başçısı yüksək səviyyəli qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı imkan yaratdığını dedi.

Görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, bu əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə olundu. Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər:  





Xəbər lenti