Prezident mühüm görüşlər keçirdi

Prezident mühüm görüşlər keçirdi
  27 May 2016    Oxunub:1435
Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenini qəbul edib.
AzVision.az xəbər verir ki, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenin Prezident İlham Əliyevə Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırdı və təşkil olunmuş rəsmi qəbulda iştirak etdiyini vurğulayaraq dövlətimizin başçısının tədbirdə söylədiyi nitqin əhəmiyyətini qeyd etdi.

O, tədbir iştirakçılarının Prezident İlham Əliyevın nitqini böyük maraqla izlədiklərini dedi. Kristian Viqenin Prezident İlham Əliyevin atdığı addımların Azərbaycanın beynəlxalq arenada böyük nüfuz qazanmasına xidmət etdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq məsələlərindən danışdı. Söhbət zamanı Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq əlaqələri müzakirə edildi, bu əməkdaşlığın hazırkı vəziyyətinin məmnunluq doğurduğu bildirildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, son danışıqlar prosesi və münaqişənin həllinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



Bu gün dövlət başçısı Fransanın Kann şəhərinin meri Devid Lisnardı da qəbul edib. Fransa şəhərləri ilə Azərbaycan şəhərləri arasında çox sıx əlaqələrin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev Fransanın və Azərbaycanın 10-dan artıq şəhərinin qardaşlaşdığını və bu şəhərlər arasında yaxşı təmasların yaradıldığını məmnunluqla qeyd edib.

Ölkələrimiz arasında əlaqələrin də yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı regional əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını deyib. Kannın Fransanın gözəl memarlığa və infrastruktura malik şəhərlərindən biri olduğunu qeyd edən Prezident İlham Əliyev qonağın ölkəmizdə də maraqlı yerlərlə tanış olacağını əminliklə qeyd edib.

Dövlətimizin başçısı Fransanın Kann şəhərinin meri Devid Lisnardın ölkəmizlə və şəhərimizlə yaxından tanış olması üçün səfərin yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib.

Kann şəhərinin meri Devid Lisnard bildirib ki, Azərbaycana səfərinin məqsədi Fransanın Kann şəhəri ilə Qəbələ şəhəri arasında əməkdaşlığı genişləndirməkdir. Devid Lisnard Kannın kiçik bir şəhər olduğunu, lakin dünyada tanındığını vurğulayıb.

O, Azərbaycanın öz inkişafını möhkəm zəmində formalaşdırmasının və öz mədəniyyətini dünyada təşviq etməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti