Prezident görüşlər keçirdi

Prezident görüşlər keçirdi
  01 Oktyabr 2014    Oxunub:1492
Azərbaycan prezidenti İlham Əliyev Estoniyanın keçmiş prezidenti Arnold Rüüteli qəbul edib.
AzVision.az-ın məlumatına görə, dövlət başçısı Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun yaxşı ənənə halı aldığını və tədbirə marağın ildən-ilə artdığını qeyd edib.

Prezident İlham Əliyev bu il Forumda dünyanın 60 ölkəsindən dövlət xadimlərindən və alimlərdən ibarət çoxlu nümayəndə heyətinin iştirak edəcəyini vurğulayaraq Bakı Humanitar Forumunun artıq mühüm beynəlxalq hadisəyə çevrildiyini deyib. Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını bildirən A. Rüütel tədbirin dünyanın müxtəlif ölkələrinin və xalqlarının geniş dairəsini əhatə etməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Forumun hər il yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edən qonaq tədbirin mühüm əhəmiyyət daşıdığını deyib.

Prezident İlham Əliyev bu gün həmçinin İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. Görüşdə Azərbaycanla İSESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, əlaqələrimizin bundan sonra daha da inkişaf etdiriləcəyinə əminlik bildirilib.

Söhbət zamanı Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışılıb, xalqlararası əlaqələrin və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi baxımından Forumun önəmi vurğulanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti