Prezident Zuxurovu qəbul edib

Prezident Zuxurovu qəbul edib
  28 Sentyabr 2016    Oxunub:1213
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, dövlət başçısı Tacikistan Respublikası Ali Məclisinin nümayəndələr palatasının sədri Şukurcon Zuxurovun böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin uğurlu olacağına və uzun illər davam edən əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev bu yaxınlarda Bişkekdə Tacikistan prezidenti Emoməli Rəhmonla görüşünü və bir sıra məsələlərlə bağlı fikir mübadiləsi apardıqlarını məmnunluqla xatırladıb. Azərbaycanla Tacikistan arasında ikitərəfli əlaqələrin çox yaxşı dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını bildirən dövlət başçısı iki ölkənin bütün məsələlərdə bir-birinə dəstək verdiklərini vurğulayıb. Azərbaycanla Tacikistanın uğurla əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.

İkitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində də inkişaf etdiyini vurğulayan dövlət başçısı qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Tacikistan Respublikası Ali Məclisinin nümayəndələr palatasının sədri Şukurcon Zuxurov Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını dövlət başçısına çatdırıb. O, ümumi tarixi və mənəvi dəyərlərə əsaslanan Tacikistan-Azərbaycan ikitərəfli əlaqələrinin, əsrlər boyu dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Azərbaycana həm də rəsmi səfərə gəldiyini vurğulayan Şukurcon Zuxurov Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə reallaşan V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından məmnunluğunu ifadə edib.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Tacikistanın dövlət başçısına çatdırmağı xahiş edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti