Prezident Beyləqanda - FOTOLAR, VİDEO

Prezident Beyləqanda - FOTOLAR, VİDEO
  28 Avqust 2014    Oxunub:6679
Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfərə gəlib.

Dövlət başçısı Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə abidə ətrafında aparılan abadlıq və tikinti işləri barədə məlumat verdi. Bildirildi ki, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Parkında rayon sakinləri, eləcə də qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.

Prezidenti İlham Əliyev Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı mərkəzdə rayon gəncləri və ictimaiyyətin nümayəndələri ilə görüşüb.

Ölkə başçısı Beyləqan rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında da iştirak edib.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, şahmat məktəbinin inşasına 2013-cü ilin mayında başlanılıb və 2014-cü ilin fevralında tikinti işləri başa çatdırılıb. İnşaat işləri daxili imkanlar hesabına həyata keçirilib.

İlham Əliyev daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beyləqanda inşa edilən uşaq bağçasının açılışına qatılıb.

***
Daha sonra prezident İlham Əliyev avqustun 28-də Beyləqanda əsaslı təmir və yenidənqurmadan sonra Mərkəzi Şəhər Stadionunda yaradılmış şəraitlə tanış olub.

Stadionun inşasına 2014-cü ilin yanvarında başlanılıb. Daxili imkanlar hesabına aparılan tikinti işləri ən yüksək səviyyədə həyata keçirilib.

Stadionda 3 min tamaşaçı yerlik tribuna, soyunub-geyinmə, mətbuat, məşqçi, tibb otaqları yaradılıb. Burada, həmçinin rezin tipli altızolaqlı qaçış cığırı, çöl tipli 11 fitnes qurğusu, basketbol, voleybol, mini futbol meydançaları var.

Beyləqanda Mərkəzi Şəhər Stadionunun istifadəyə verilməsi rayonda gənclərin futbola olan marağını daha da artıracaq.
Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir görkəmi ilə seçilən Olimpiya İdman kompleksləri və digər idman qurğularının inşası respublikamızın hər yerində beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradır. Ölkəmizin bütün bölgələrində yaradılan müasir idman qurğuları gənclərin idman sahəsində mühüm uğurlar əldə etməsi, onların sağlam yetişmələri baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan idmançılarının beynəlxalq idman yarışlarında qazandıqları uğurların ildən-ilə artmasında, idmanla məşğul olanların sayının çoxalmasında belə qurğuların tikintisi çox önəmlidir.

***
Daha sonra prezidenti İlham Əliyev Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak edib.

Bu yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 12 sentyabr tarixli Sərəncamı ilə tikilib. Sərəncama əsasən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb.

İyirmi beş min nəfərin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 39 kilometrdən çoxdur. Hazırda avtomobil yolunun 20 kilometrlik hissəsinin inşası başa çatdırılıb.

Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolu ən müasir tələblər səviyyəsində inşa olunub. Tikinti işləri qısa müddətə, həm də keyfiyyət meyarları nəzərə alınmaqla həyata keçirilib. İnşaat işləri zamanı 67 su keçidi tikilib, yolun kənarına müxtəlif siqnal dirəkləri basdırılıb.

Dördüncü texniki dərəcəli bu yolun istifadəyə verilməsi onun əhatə etdiyi kəndlərin sakinlərinin rayon mərkəzi, o cümlədən respublika əhəmiyyətli əsas yollara çıxışını asanlaşdırır, rahatlığını təmin edir. Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun tikintisi bir daha sübut edir ki, Beyləqanda sosial məsələlərin həlli, yol infrastrukturunun yenilənməsi sürətlə davam edir.

Belə tədbirlərin həyata keçirilməsi, ilk növbədə, sakinlərin rahatlığını və onların sosial məsələlərinin həllinin diqqət mərkəzində saxlandığını nümayiş etdirir. Bu, həm də dövlətimizin apardığı məqsədyönlü sosial siyasətin respublikanın hər bir kəndini əhatə etdiyini göstərir.

AzVision.az







Qalereya




Teqlər:  





Xəbər lenti