Prezident Abraham Kuperi qəbul edib - Yenilənib

Prezident Abraham Kuperi qəbul edib - Yenilənib
  28 Sentyabr 2016    Oxunub:1659
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbəri, ravvin Abraham Kuperi qəbul edib.
AzVision.az xəbər verir ki, Simon Vizental Mərkəzi rəhbərinin müavini, ravvin Abraham Kuper Azərbaycana bir neçə dəfə səfər etdiyini, hər dəfə ölkədə dini dözümlülüyün şahidi olduğunu məmnunluqla qeyd edib.

O bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın dini tolerantlıq baxımından dünyada nümunəvi ölkə olduğunu vurğulayan Ravvin Abraham Kuper ölkədə V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində UNESKO və Simon Vizental Mərkəzinin birgə sərgisinin təşkilinə verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev sərginin əhəmiyyətini vurğulayaraq, dünya mediasında əsasən mənfi halların yer aldığı bir zamanda, dini tolerantlıq, multikulturalizm kimi müsbət dəyərləri diqqət mərkəzinə gətirməyin vacibliyini qeyd edib. Dövlət başçısı dünyada müharibə və münaqişələrin, etnik və dini gərginliklərin getdikcə artdığı bir dövrdə ölkəmizin əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunduğunu qeyd edərək bunun dövlət siyasəti olmasının əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı Azərbaycanda multikulturalizm siyasətinin sosial sifarişə əsaslandığını bildirib. Prezident İlham Əliyev ölkədə mədəniyyətlərarası sülh və dostluğun mövcud olduğunu məmnunluqla qeyd edərək müxtəlif dinlərin və xalqların nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadığını deyib.

Görüşdə V Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq əməkdaşlığa verdiyi töhfənin önəmi qeyd olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti