Prezident üç səfirin etimadnaməsini qəbul edib - Yenilənib

Prezident üç səfirin etimadnaməsini qəbul edib - Yenilənib
  09 Yanvar 2017    Oxunub:2355
Azərbaycan prezidenti İlham Əliyev Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Arya İnkeri Makkonenin etimadnaməsini qəbul edib.
AzVision.az -ın məlumatına görə, görüş zamanı dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın yaxşı təcrübəyə malik olduğunu bildirib.

Prezident İlham Əliyev özünün Finlandiyaya, Finlandiyanın dövlət başçısının isə Azərbaycana rəsmi səfərinin əhəmiyyətini qeyd edib. Finlandiya prezidenti ilə beynəlxalq tədbirlər çərçivəsində görüşlərini də məmnunluqla xatırlayan dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əlaqələrimizin mühüm hissəsini təşkil etdiyini deyib. Prezident İlham Əliyev əlaqələrimizin bir çox istiqamətlərdə, o cümlədən ticarət və nəqliyyat sahələrində, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb. Azərbaycanla Finlandiya arasında əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edən prezident İlham Əliyev səfir Arya İnkeri Makkonenin ölkəmizdəki fəaliyyətinin bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu deyən səfir isə ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və müxtəlif sahələrdə qarşılıqlı səfərlərin artırılması istiqamətində səylərini əsirgəməyəciyini vurğulayıb. Parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunan səfir Arya İnkeri Makkonen Azərbaycan və Finlandiya arasında bu sahədə qarşılıqlı əlaqələrin və səfərlərin vacibliyini qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev həmçinin Estoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Marin Mittusun etimadnaməsini qəbul edib. səfir Marin Mittus fəxri qarovul dəstəsinin qarşısından keçdi. Marin Mittus etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı özünün Estoniyaya, Estoniya Prezidentinin də Azərbaycana səfərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev ölkələrimiz arasında çox yaxşı qarşılıqlı anlaşmanın mövcud olduğunu və siyasi sahədə ölkələrimizin daim bir-birini dəstəklədiyini qeyd edərək, eyni zamanda bildirdi ki, ticarət sahəsində bir o qədər də fəal əməkdaşlıq həyata keçirilmir. Azərbaycanın Estoniyada uzun illərdir səfirliyinin fəaliyyət göstərdiyini vurğulayan dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimizin fəal əməkdaşlıq etdiklərini dedi. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, ikitərəfli münasibətlərin inkişafında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi işinə daha çox önəm veriləcək və bu da öz növbəsində Estoniya ilə Azərbaycan arasında qarşılıqlı idxal-ixrac əməliyyatlarının stimullaşdırılması, imkanların müəyyənləşdirilməsi üçün yaxşı şərait yaradacaq. Dövlətimizin başçısı əlaqələrimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini də qeyd etdi, mədəniyyət sahəsində əməkdaşlığın xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin Avropa İttifaqı çərçivəsində uğurlu inkişafından məmnunluğunu ifadə etdi.

Səfir Estoniya Respublikasının Prezidenti Kersti Kaljulaidın salamlarını Prezident İlham Əliyevə çatdırdı. Xoş sözlərə görə minnətdarlığını bildirən səfir siyasi əlaqələrimizin uğurla inkişaf etdiyini deyərək yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi. Səfir iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq həyata keçirdiyini və bir-birilərini dəstəklədiklərini vurğuladı.

Görüşdə ölkələrimiz arasında ticarət, nəqliyyat, informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Kersti Kaljulaidın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Estoniyanın Prezidentinə çatdırmağı xahiş etdi.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Manuel Santiaqo Markoviç Monasinin etimadnaməsini qəbul edib. Səfir Luis Manuel Santiaqo Markoviç Monasi fəxri qarovul dəstəsinin qarşısından keçdi. Luis Manuel Santiaqo Markoviç Monasi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Luis Manuel Santiaqo Markoviç Monasi Peru Respublikasının Prezidenti Pedro Pablo Kuçinskinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin gücləndirilməsi ilə bağlı əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün çox yaxşı fürsət yarandığını dedi. Perulu diplomat iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq mədəni əlaqələri genişləndirməyin və xalqlarımızın bir-birini yaxından tanımalarının zəruriliyini vurğuladı. Siyasi və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin önəmini qeyd edən dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, xüsusilə ticarət və turizm sektorlarında əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün imkanların araşdırılmasının vacibliyini diqqətə çatdırdı, ölkələrimizin istehsal etdikləri müxtəlif məhsulların qarşılıqlı ixracının mümkünlüyünü bildirdi.

Dövlətimizin başçısı Peru Respublikasının Prezidenti Pedro Pablo Kuçinskinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Peru dövlətinin Prezidentinə çatdırmağı xahiş etdi.





AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti