Prezident səfirlərin etimadnaməsini qəbul edib

Prezident səfirlərin etimadnaməsini qəbul edib
  26 Oktyabr 2016    Oxunub:1243
Prezident İlham Əliyev oktyabrın 26-da Cibuti Respublikasının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əli Kamilin etimadnaməsini qəbul edib.
AzVision.az-ın xəbərinə görə, səfir Məhəmməd Əli Kamil fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Məhəmməd Əli Kamil etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Cibuti Respublikası arasında ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğunu bildirdi. Azərbaycanın İslam ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan ilə Cibutinin dost ölkələr olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimizin xüsusilə beynəlxalq təşkilatlarda həmrəylik göstərərək uğurlu əməkdaşlıq etmələrinin və bir-birilərinə daim dəstək vermələrinin önəmini qeyd etdi. Siyasi əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu deyən dövlətimizin başçısı bu əlaqələri digər sahələrdə də genişləndirməyin vacibliyini bildirdi. İkitərəfli əlaqələrin inkişafında səfirlərin rolunu qeyd edən Prezident İlham Əliyev səfir Məhəmməd Əli Kamilin Azərbaycanın müvafiq qurumları ilə iqtisadi sahədə əməkdaşlıq imkanlarının araşdırılması üçün müzakirələr aparacağına ümidvar olduğunu bildirdi.

Səfir Məhəmməd Əli Kamil Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Celinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Bakıya səfər edərkən ölkəsinin Prezidenti ilə görüşdüyünü vurğulayan Məhəmməd Əli Kamil dedi: “Cənab Prezident, mən Bakıya gələrkən cənab İsmayıl Ömər Celi ilə görüşdüm. O, mənə şəxsən bildirdi ki, Azərbaycan bizim üçün böyük əhəmiyyət kəsb edən mühüm ölkədir”. Dövlətimizin başçısı Prezident İsmayıl Ömər Celinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Cibuti dövlətinin başçısına çatdırmağı xahiş etdi.



Prezidenti İlham Əliyev oktyabrın 26-da Banqladeş Xalq Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Allama Siddikinin də etimadnaməsini qəbul edib. Səfir Allama Siddiki fəxri qarovul dəstəsinin qarşısından keçdi. Allama Siddiki etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Azərbaycan ilə Banqladeş arasında çox yaxşı siyasi əlaqələrin olduğunu deyən dövlətimizin başçısı ölkələrimizin bir-birini beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləməsinin önəmini qeyd etdi. Hər iki ölkənin BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının bu il İstanbulda keçirilən Sammitində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun təsis edilməsinə göstərdiyi dəstəyə görə Banqladeş tərəfinə minnətdarlığını bildirdi. Azərbaycan ilə Banqladeş arasında iqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı qarşılıqlı ticarətin həcminin artırılması üçün çoxlu imkanların mövcud olduğunu qeyd etdi, iş adamları arasında əlaqələrin, eləcə də bu sahədə mövcud imkanların araşdırılmasının əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mütəmadi təmaslar qurulmasının vacibliyini bildirdi.

Səfir Allama Siddiki Banqladeş Xalq Respublikasının Prezidenti Abdul Hamidin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Banqladeşin Azərbaycana qardaş ölkə olduğunu deyən səfir Azərbaycana, Azərbaycan xalqına və mədəniyyətinə ölkəsində məhəbbətlə yanaşıldığını bildirdi, ölkəmizin qədim tarixi, həmçinin tarixən oynadığı rol barədə məlumatlı olduqlarını qeyd etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevi ehtiramla yad edən səfir Allama Siddiki onun Azərbaycan xalqının milli ruhunun formalaşmasındakı rolundan danışaraq, Ulu Öndərin rəhbərlik etdiyi illərin ölkəmizin tarixində yaddaqalan bir dövr olduğunu dedi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı. Səfir Allama Siddiki Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəkdə daha da inkişaf edəcəyinə, geostrateji mövqeyini möhkəmləndirəcəyinə və daha vacib rol oynayacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Abdul Hamidin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Banqladeş Prezidentinə çatdırmağı xahiş etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefanenin etimadnaməsini qəbul edib. Səfir Pule İsaak Malefane fəxri qarovul dəstəsinin qarşısından keçdi. Pule İsaak Malefane etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin iqtisadiyyat və ticarət sahələrində də əməkdaşlığı genişləndirməsinin zəruriliyini qeyd etdi.

Artıq bir neçə ildir Azərbaycanın Cənubi Afrika Respublikasında səfirliyinin fəaliyyət göstərdiyini bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və biznes nümayəndələri üçün imkanların yaradılması baxımından səfirliklərin rolunu vurğuladı. Səfir Pule İsaak Malefane ölkələrimiz arasında mövcud əlaqələrin gücləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti