Polisdən yazan millət vəkilindən sərt sözlər

Polisdən yazan millət vəkilindən sərt sözlər
  05 İyul 2015    Oxunub:7547
Adını reklam olmasın deyə çəkmək istəmirəm, Azərbaycanda hər nə olsa, ancaq qara rəngdə təqdim edən bir qəzet var. Özünü qurban verərək bir nəfəri boğulmaqdan qurtaran, yorulmasına baxmayaraq ikincisini də qurtarmaq üçün yenidən dənizə atılaraq həlak olan polis çavuşu Zaur Nurəliyevin qəhrəmanlığı haqqında yazını görün sosial şəbəkədə hansı başlıq altında təqdim edib: "Suda boğulan şəxsi xilas etməyən polis əməkdaşı özü batdı". Belə də yaramazlıqmı olar?

Bu sözləri millət vəkili, tanınmış telejurnalist Sahib Alıyev öz facebook profilində yazıb. Millət vəkili sual edib ki, o cür fədakarlığı belə bir başlıq altında təqdim edənlərdə görəsən baş və vicdan varmı?

AzVision.az xatırladır ki, söhbət `Azadlıq` qəzetindən gedir, belə ki, həmin başlıq məhz o qəzetdə dərc olunub.

- Bəs bayağı şeyləri, televiziyada hansısa bir oxuyançının, savadsız və peşəsiz aparıcının səfehləməsini, eyni dərəcədə səviyyəsiz olan iki adamın bir-birini təhqir etməsini bəh-bəhlə paylaşan, iştahlı şərhlər yazanlar necə, cəmisi 40 günlük övladını yetim qoyaraq bir başqasını qurtarmaq üçün özünü quduz dalğaların qoynuna atan bu qəhrəman polisimizin fədakarlığını nədən görməzlikdən gəlirlər. Mən onları başa düsəm də( yazacam niyə başa düşürəm), başa düşmək istəmirəm. Deyim onları niyə başa düşürəm. Çünki çoxu yazıb ələ saldığı adamlarla belə demək mümkünsə, eyni kodun daşıyıcılarıdır. Ələ salıb lağa qoyduqlarının hərəkətlərini hardasa özləri də edirlər. Onlarla məzələnəndə fərqinə varmasalar da, həm də özləriylə, içlərindəki "onlar"la məzələnirlər. Üzr istəyirəm, bu da mazoxizmin bir növüdür. İndi isə sosial şəbəkdəki dostlara səslənirəm. Gəlin bu cür igidlikləri yayaq. Birinci ona görə ki, belədə Zaur kimilərin ruhu qarşısında öz borcumuzu vermiş oluruq. Bunun özü də elə bir duadır. İkincisi, mütəxəssis araşdırmaları da göstərir ki, mənfi xəbərlər nə qədər çox tirajlansa, bir o qədər mənfilik doğurduğu kimi, müsbət şeylər də tirajlananda müsbət hallar çoxalır,- deyə millət vəkili qeyd edib.

Sahib Alıyev əmin olduğunu vurğulayıb ki, İsmayıllının gözəldən-gözəl Buynuz kəndində doğulub boya-başa çatan Zaur Nurəliyev cəbhədə də eyni qəhrəmanlığı edəcəkdi. Komandirini və yaxud da əsgər yoldaşlarını qurtarmaq üçün bir an da tərəddüd etmədən özünü qurban verəcəkdi. Ona görə də o mənim nəzərimdə ŞƏHİDdir. Şəhid təkcə cəbhədə olmur ki. Vətəndaşı qurtarmaq üçün canından keçmək elə Vətənin yolunda canını verməkdir!

`Mən buna da zərrə qədər şübhə etmirəm ki, son dərəcə diqqətcil adam olan daxili işlər naziri cənab Ramil Usubov Zaur Nurəliyevin bu igidliyilə bağlı hansı addım atmaq lazımdırsa, onu da atacaq. Zaur Nurəliyev öz hərkətilə göstərdi ki, məmim polisim təkcə məni qorumurmuş, həm də mənim yolumda canından da keçərmiş!`,- deyə millət vəkili sonda qeyd edib.


Teqlər:  





Xəbər lenti