Paytaxtda caz festivalı

Paytaxtda caz festivalı
  20 Oktyabr 2014    Oxunub:1758
Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “Bakı Beynəlxalq Caz Festivalı – 2014” başlanıb. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır.

Mərasimi açan tanınmış telejurnalist Rahib Azəri bildirib ki, ənənəvi olaraq dünyanın müxtəlif yerlərindən məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.

Festival çərçivəsində Heydər Əliyev Sarayında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Bakı Caz Mərkəzində, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dünya şöhrətli musiqiçilərdən Terri Layn Karrinqtonun kvarteti, Terens Blanşardın kvinteti, Anat Kohenin kvarteti, Mişel Kamilonun triosu, Stenli Klarkın qrupu, Kreyq Tabornun triosu, Trilok Gurtu qrupunun və başqalarının çıxışları olacaq. Eyni zamanda, Azərbaycanın tanınmış ifaçılarından Salman Qəmbərov, Cəmil Əmirov, Rain Sultanov, Mircavad Cəfərov, Elçin Şirinov, Zaur Mirzəyev və istedadlı gənc caz musiqiçiləri də festival konsertlərində solo proqramlarla çıxış edəcəklər. Beləliklə, Bakının qəlbi yenidən caz ritmləri ilə döyünəcək.

Qeyd olunub ki, artıq ənənəyə çevrilmiş və neçə illərdir ki, paytaxtımızda keçirilən beynəlxalq caz festivalı dünya şöhrətli ifaçılar çıxış ediblər.
Festivalın ilk günündə səhnəyə Kreyq Taborn (fortepiano) çıxıb. Onu Tomas Morqan (bass), Ceyms Betss (zərb alətləri) müşayiət ediblər.
Caz pianoçu və sintezator ifaçı Kreyq Taborn öz peşəkar karyerasına 1990-cı illərdə başlayıb və o dövrdə sadə cazdan tutmuş kənar musiqiyə qədər müxtəlif janrlarda gənc musiqiçilərlə, eyni zamanda korifeylərlə bir yerdə işləyib. Onun ilk solo fortepiano albomu olan “Avenging Angel” 2011-ci ildə buraxılıb. Həmin ildə o, bas gitaraçı Uilyam Parker və Kliverlə “Farmers by Nature” adlı trio yaradıb və “Out of This World’s Distortions” diskini yazıb. Kreyq Tabornun “Chants” adlı ikinci albomu isə 2013-cü ilin aprelində buraxılıb.

Qrupun təqdim etdiyi caz kompozisiyalar alqışlarla qarşılanıb.

“Bakı Beynəlxalq Caz Festivalı – 2014” oktyabrın 30-dək davam edəcək.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti