Partiyalar pullarını niyə gizlədirlər?

Partiyalar pullarını niyə gizlədirlər?
  17 Sentyabr 2014    Oxunub:2197
Azərbaycanda “Siyasi partiyalar haqqında” qanuna yenidən dəyişiklik edilməsi nəzərdə tutulub. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ötən gün keçirilən komitə iclasında bu barədə danışaraq bildirib ki, siyasi partiyalara 1 il ərzində bir şəxs tərəfindən bir dəfəyə maksimum 10 min manat ianə verilə bilər. Yəni bu məbləğdən artıq siyasi partiyalara ianə vermək qanunla qadağan ediləcək.

Halbuki əksər siyasi partiyalar il ərzində yığılan vəsaitin məbləğini açıqlamaqdan boyun qaçırır, hətta bununla bağlı hesabat belə vermirlər. Qanuna dəyişiklik ediləcəyi təqdirdə pul qadağasının necə nəzarətdə saxlanılacağı da maraq doğurur.

Ümumiyyətlə Azərbaycanda aparıcı partiyalar illik nə qədər ianə toplayırlar?

Mövzunun aktuallığını nəzərə alıb bu suala cavab tapmağa çalışdıq.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə AzVision.az-a açıqlamasında bildirib ki, bu qanuna dəyişikliyi yalnız özü tanış olandan sonra şərh edə bilər.

Partiyanın illik nə qədər ianə topladığına gəlincə isə bu məlumat partiyanın icra katibliyində olur.

Məlumat üçün bildirək ki, Yeni Azərbaycan Partiyasının nizamnaməsinə görə partiya üzvləri aylıq gəlirinin 1%-ni üzvlük haqqı kimi ödəməlidirlər. Ötən il ərzində partiyanın ümumi gəliri isə 7 milyon 16 min 790 manat olub.

Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı partiyanın ianə toplamadığını, aylıq üzvlük haqqı yığıldığını deyib: “Bu da əsasən partiyanın Bakı rayon təşkilatları, Sumqayıt və Bakıda yerləşən qaçqın rayon təşkilatlarından toplanılır. Ancaq konkret məbləğlə bağlı bir məlumat deyə bilmərəm. Bunu təşkilat şöbəsi daha doğru bilər”.

Müsavat Partiyasının da üzvlük haqqı nizamnaməyə görə, üzvün aylıq gəlirinin 1%-idir.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə partiyasının ümumiyyətlə ianə yığmadığını deyib: “Bizim partiyaya indiyəyə qədər heç kim ianə verməyib, gələcəkdə də verməyi gözlənilmir. Ona görə də bilmirəm bu dəyişikliyin bizə nə qədər aiddiyyatı olacaq. Ümumiyyətlə hər hansı bir normanın təyin edilməsi düzgün deyil. Bəlkə kimsə partiya üçün milyonlarla pul xərcləmək istəyir?”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayev hesab edir ki, bu qanun layihəsini məhdudlaşdırma kimi qiymətləndirmək düzgün deyil. O vurğulayıb ki, illik 10 min manat ianənin ayrılması bir nəfərin birdəfəlik ödəyəcəyi məbləğdir:

“Bu baxımdan partiyaya ianə ayıranların sayından asılı olaraq illik ianə miqdarı 1 milyon manat da ola bilər. Ona görə də bu, məhdudiyyət sayılmır”.

AXCP-nin illik nə qədər ianə topladığına gəlincə isə, sədr müavini qedy edib ki, bu barədə dəqiq məlumatı yoxdur: “Amma bilirəm ki, çox cuzi miqdardır”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublunun sözlərinə görə, partiya nəinki ianə toplamır, ümumiyyətlə üzvlük haqqı verilmir: “Bizim üzvlərimizin çoxu Milli Azadlıq Hərəkatından gəldiyinə görə işləmirlər, ona görə də üzvlük haqqı yığılmır. Demək olar ki, yoxdur”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Azərbaycanda kiminsə partiyaya ianə ayırdığına inanmadığını deyib: “Bizim partiyada ianə toplanmır. Çünki əslində partiyalara ianə köçürən şəxslər də yoxdur. Mən inanmıram ki, Azərbaycanda kimsə Yeni Azərbaycan Partiyasından başqa hansısa partiyaya ianə köçürsün. Bu da onun hakim partiya olması və üzvlərinin çoxluğu ilə bağlıdır”.

Üzvlük haqqına gəlincə isə partiya sədri bildirib ki, nizamnaməyə görə bu, partiya üzvünün maaşının 1%-i məbləğindədir: “Amma son zamanlar bu məbləğ 1 manat kimi göstərilib. Bizdə üzvlük haqqı azdır, əsas maliyyə mənbəyi dövlət dəstəyidir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə qanuna dəyişiklyiin çox normal olduğunu, heç bir məhdudlaşdırmaya səbəb olmayacağını düşünür: “Çox normaldır, onsuz da kimdir ki, hansısa partiyaya cibindən çıxarıb 10 min manat ianə verən?”.

Ümid Partiyasının nə qədər ianə topladığına gəlincə isə partiya sədri dəqiq məbləği açıqlamasa da toplanan ianənin çox az olduğunu deyib: “Çox cuzi miqdardadır. Heç 10 min manat deyil”.

Vətəndaş Həmrəyliyi Partiyasında üzvlük haqqı o qədər də çox deyil: 50 qəpik 1 manat arası. Yəni partiya üzvlərinin istəyindən aslıdır.

Demokratik İslahatlar Partiyasında da üzvlük haqqı könüllülüyə əsaslanır.

Göründüyü kimi əksər siyasi partiyalar istər üzvlük haqqlarından yığılan gəlirləri, istərsə də ianələlər hesabına il ərsində toplanan pulların konkret məbləğini açıqlamadılar.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti