Parlamentdə büdcə müzakirəsi -Gəlirimiz artıb

Parlamentdə büdcə müzakirəsi -Gəlirimiz artıb
  29 May 2015    Oxunub:1952
Bu gün parlamentin yaz sessiyasının sonuncu iclasında “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunub.
AzVision.az xəbər verir ki, parlamentin iqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev deyib ki, 2014-cü ilin dövlət büdcəsi 308,4 mln. manat kəsirlə icra olunub, 2015-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 1,7 mlrd. manat təşkil edib: “2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan bu qalıq 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.

Həmçinin, Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində büdcə gəlirlərinin 18 400 565,2 min manat, xərclərin 18 709 000,0 min manat olduğu qeyd edilir. Layihəyə əsasən, ötən il müdafiə xərcləri 1,5 mlrd. manat, təhsil xərcləri 1,554 mlrd. manat təşkil edib”.

Maliyyə nazirini Samir Şərifov 2014-cü il dövlət büdcəsinin icrasına dair çıxışı zamanı bildirib ki, dünyadakı qeyri-sabit iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub. 2013-cü illə müqayisədə 2014-cü ildə 2,8% çox, yəni 59 mlrd manatlıq ÜDM istehsal olunub. Ötən il qeyr-neft sektorunda 7%-lik real artıma nail olunub. Bununla da, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61%-dək yüksəlib. ÜDM-in 39%-i neft-qaz sektorunun payına düşüb ki, bu da 2013-cü ilə nisbətən 2,9% artım deməkdir.
Nazir qeyd edib ki, 2014-cü ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların 72,3%-i daxili investisiyaların payına düşüb. Bununla da, daxili investisiyalar xaricini xeyli üstələyib: “Hesabat dövründə orta aylıq əmək haqları 4,5% artaraq 444,3 manat təşkil edib. 2013-cü illə müqayisədə əhalinin gəlirləri 4,8% artaraq 39,4 milyard manata çatıb. Hər nəfərə düşən gəlirlərin artımı 3,5% olub ki, bu da inflyasiyadan 2,1% çoxdur”.

S. Şərifov həmçinin deyib ki, ötən il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manatlıq proqnoza qarşı 18 mlrd. 400 mln. 565 min manat olub: “Bu, nəzərdə tutulandan 16,6 milyon manat çoxdur. Beləliklə, proqnoza 100,1% əməl olunub. Hesabat dövründə büdcə xərcləri 20,063 mlrd. manatlıq proqnoza qarşı 18 mlrd. 708 mln. 999 min 987 manat və yaxud 93,3% icra edilib. Büdcə kəsiri isə 308 milyon 434 min 756 manat səviyyəsində göstərilib”.

İcmal büdcəsinə toxunan nazir qeyd edib ki, 2014-cü ilin icmal büdcənin gəlirləri 21 mlrd. 985,9 mln. proqnoza qarşı 23 mlrd. 82,2 mln. manat və yaxud 105%, xərcləri isə 24,444 mlrd. proqnoza qarşı 21 mlrd. 417,7 mln. manata və yaxud 87,6% icra olunub. İcmal büdcədə 1 mlrd. 664,5 mln. büdcə profisiti yaranıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2014-cü ilin dövlət büdcəsinin icrasına dair hesabatını açıqlayaraq, onun müsbət dəyərləndirildiyini söyləyib.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti