Pambıqçılıq Azərbaycana nə verəcək? – TƏHLİL

Pambıqçılıq Azərbaycana nə verəcək? – TƏHLİL
  22 Sentyabr 2016    Oxunub:17736
Prezidentin pambıqçılığın bərpası ilə əlaqədar məsələ qaldırması təsadüfi deyil. İlk dəfə bu ilin I rübü ərzində sosial-iqtisadi inkişafının yekunlarına dair Nazirlər Kabinetinin aprel ayında keçirilən iclasında dövlət başçımız bəyan etdi ki, bi işdə əslində gecikmişik, yəni, pambıqçılığın bərpasına çoxdan başlamaq lazım idi.

Ölkəmizin son illər ərzində sürətlə inkişaf etməsinə əsas səbəb neft olub. Regionlarımız da daxil olmaqla, bütövlükdə ölkədə indiyədək müxtəlif infrastrukturların yaradılması, böyük həcmdə maliyyə ehtiyatlarının əldə olunması, həmçinin əhalinin sosial-iqtisadi vəziyyətinin əhəmiyyətli şəkildə dəyişməsi məhz neft gəlirləri hesabına baş tutub.Bununla belə, neftin zərəri də az olmayıb. Belə ki, qeyri-neft sektoru geridə qalıb, onun xüsusən də kənd təsərrüfatı bölməsi və bu bölməyə aid bir sıra mühüm sahələr tənəzzülə uğrayıb. Bunlardan ən birincisi isə pambıqçılıqdır.

Prezident Sabirabadda keçirdiyi müşavirədə də birmənalı şəkildə bəyan etdi ki, Azərbaycanda pambıqçılıq tənəzzülə uğrayıb. Bu da təbiidir. Elə sahələr var ki, sırf bazarın öhdəsinə buraxmaq olmazdı. Bazar iqtisadiyyatı çox şeyi həll etmir. Bəzi sahələrə dövlət dəstəyi lazımdır. Neft dollarları isə dövlətin “başını qatdığından”, bunlar diqqətdən kənar qalmışdı.

Prezident əvvəlki iclaslarda da bəyan etmişdi ki, bundan sonra prioritet sahələr sənaye ilə kənd təsərrüfatı sayılır. Kənd təsərrüfatında keçmiş ənənələr bərpa edilməlidir ki, bura pambıqçılıq, tütünçülük və baramaçılıq daxildir. Adlarını çəkdiyim kənd təsərrüfatı məhsulları üzrə bazar axtarmağa heç bir ehtiyac yoxdur. Hamısı ixracyönümlü məhsullardır. Valyuta gəlirlərimizin azaldığı halda bunun nə demək olduğu yaxşı bəllidir.

Ancaq burada bir nüans var. O da bundan ibarətdir ki, kəndliyə və fermerə pul verilməlidir. Söhbət məhsulu əldə etməkdən ötrü müvafiq dəstəkdən getmir. Dövlət bunu edə bilər, edir və edəcək də... Əsas məsələ son məhsuldan əldə olunacaq qazancdan ibarətdir. Çünki əkinçidə və istehsalçıda stimul yaradan məhz budur.

Sual olunur ki, adı çəkilən sahələr niyə tənəzzülə uğrayıb? Prezident də bəyan etdi ki, keçən əsrin 70-ci illərində və 80-ci illərin əvvəlində 800-900 min ton pambıq tədarük olunurdusa, keçən il bu rəqəm güc-bəla ilə 35 min ton təşkil edib. Ümumiyyətlə, ölkəmizdə kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin strukturunda pambığın payı 1970-ci ildə 16 faiz, 1982-ci ildə 22 faiz təşkil edirdisə, keçən il bu rəqəm 1,2 faiz olub. Çünki, keçən il cəmi 18 min 700 hektar əkilmişdi. İndi qeyd olunur ki, bu il 52 min hektar əkilib və gələn ilsə 100 min hektardan çox olacaq.

Səbəb nədir? Odur ki, pul yoxdur – qazanc sıfıra enib. İlk növbədə qazancdan başlamaq lazımdır. Söhbət ixracyönümlü, xarici valyuta gətirə bilən məhsul istehsalı və tədarükündən gedirsə, bunun ən böyük xeyrini kəndli görməlidir.

Düzdür, pambığın satınalma qiyməti bu ildən artırılıb. Belə ki, 2016-cı ildən birinci növ pambığın bir tonu üzrə satınalma qiyməti 500 manat, ikinci növü üzrə 470 manat, üçüncü növü üzrə 440 manat, dördüncü növü üzrə isə 400 manat edilib. Müqayisə üçün qeyd edək ki, keçən il, yəni 2015-ci ildə bu rəqəmlər müvafiq olaraq 410 manat, 390 manat, 370 və 350 manat idi. Dünya bazarlarında 1 ton pambıq lifinin qiyməti isə 1500-1600 ABŞ dollarından yuxarı təşkil edir.

Ona görə də, Prezident də qeyd etdi ki, bəli, alış qiymətləri artıb, ancaq bir az da artsa, yaxşı olardı. “Ona görə də, mən indi müvafiq orqanlara tapşırıq verirəm ki, -Prezident Administrasiyası, Kənd Təsərrüfatı, İqtisadiyyat nazirlikləri, pambıqla məşğul olan firmalar da baxsınlar, - biz nə qədər mümkünsə, əlbəttə, alış qiymətini qaldırmalıyıq. İlk növbədə ona görə ki, insanlar daha da çox pul əldə etsinlər",- deyə, dövlət başçısı bəyan etdi.

Yeri gəlmişkən, bəziləri bildirirlər ki, pambıqçılıq yaxşı gəlir mənbəyi deyil və kəndlidə bu sahəyə maddi maraq yaratmaq guya, çətin məsələdir. Bu, tamamilə əsassız və yanlış fikirdir. Əvvəla, Azərbaycanda əmək qabiliyyətli əhalinin 40 faizə yaxın hissəsi aqrar sektora məxsus ərazilərdə məskunlaşıb. Bu il isə 24 rayonda pambıq əkilib - ümumən 52 min hektarda. Gələn il bunu 128 min hektara çatdırmaq istənilir. Hər hektarda orta hesabla minimum 1 nəfər çalışarsa, pambıqçılığın bərpası istər-istəməz məşğulluğun artması demək olacaq.

Digər tərəfdən isə, sözügedən sahədə tədarükçü şirkətlər ilə emal müəssisələrinin dünya bazarlarındakı qiymətlərlə bağlı daha çox gəlir götürəcəklərini nəzərə alsaq, onlar tərəfdən fermer və kəndlilərin pulu əgər, vaxtında və istənilən səviyyədə verilərsə, görəsən, nədən maddi maraq yaranmasın ki? Bunun üçün isə gəlirlərin bölüşdürülməsində istehsalçı, emalçı və dövlət əlaqələri - münasibətləri düzgün təşkil olunmalıdır.

Lakin bütün bunlardan ötrü şübhəsiz, kompleks stimullaşdırıcı tədbirlər həyata keçirmək lazımdır. İlk addım isə məhz təkrar edirik, qiymət siyasəti ilə bağlı olmalıdır. Hesab edirəm ki, qiymət əsas şərtdir. Bu və ya digər güzəştlərin və subsidiyalaşdırmaların tətbiqi ilə istənilən nəticəyə nail olmaq çətin olacaq.

Hazırda sevindirici hal ondan ibarətdir ki, dövlət artıq, bu sahəni diqqətə götürüb. Yeri gəlmişkən, dövlət başçısı da qeyd etdi ki, pambıqçılığın inkişafını bundan sonra ancaq biznes qurumlarının öhdəsinə buraxmaq olmaz. Ona görə də, çox ciddi dövlət siyasəti yürüdülməli və dövlət bu sahənin bərpasında və inkişafında həlledici rol oynamalıdır. Çünki “qara qızıl”dan gəlirlər azaldıqca pambıqçılıq kimi sahələrə diqqət və qayğı istər-istəməz yada düşür və qaçılmaz xarakter alır... Lakin bu qayğı bilavasitə dünya bazarları ilə əlaqəli və xüsusən də, qiymət sarıdan qarşılıqlı münasibətlər əsasında həyata keçməlidir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti