Ötən il 100 vəzifəli şəxs işdən çıxarılıb

Ötən il 100 vəzifəli şəxs işdən çıxarılıb
  12 Fevral 2016    Oxunub:1778
Nəzarətə alınan müraciətlərə baxılması nəticəsində Daxili İşlər, Vergilər, Təhsil, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Dövlət Neft Şirkətində, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də, İmişli RİH-də və başqa təşkilatlarda 52 nəfər barəsində inzibati və ya intizam tənbehi tədbirləri görülub, o cümlədən 22 nəfər vəzifəli şəxs vətəndaşlarla münasibətdə etik davranış qaydalarını pozduqlarına, süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə görə vəzifəsindən kənarlaşdırılıb.
AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov "Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir" adlı təhlili məqaləsində bildirib.

Onun sözlərinə görə, vətəndaşların müraciətlərinə baxılması və qəbulu məsələləri 2015-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilən kollegiya iclaslarında və müşavirələrdə 522 dəfə müzakirəyə çıxarılıb. Yol verilən nöqsanlara görə 948 nəfərə intizam tənbehi tətbiq olunub, o cümlədən 827 nəfərə töhmət verilib, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərində, Əmlak Məsələləri Dövlət Komitəsində və digər qurumlarda ümumilikdə 100 nəfər işdən azad edilib. Bundan əlavə, 58 nəfərə xəbərdarlıq elan olunub və digər tədbirlər görülüb.

S.İsmayılov qeyd edib ki, 2015-ci ildə şəhər və rayon icra hakimiyyəti başçıları yanında şura iclaslarında və müşavirələrdə vətəndaşların müraciətlərinə baxılması məsələləri 984 dəfə müzakirə edilib, müraciətlərə baxılmasında yol verilmiş nöqsanlara görə 232 nəfər barəsində intizam tənbehi tətbiq edilib:

"Belə intizam tənbehi tədbirləri Lənkəran, Ağdaş, Ağstafa, Beyləqan, Biləsuvar, Goranboy, Kəlbəcər, Kürdəmir, Qazax, Laçın, Lerik, Masallı, Saatlı, Salyan, Samux, Ucar, Zaqatala, Zərdab, digər şəhər və rayon icra hakimiyyətlərində daha çox tətbiq edilib. Prezident Administrasiyasında vətəndaşların nəzarət qaydasında baxılan bəzi müraciətlərinə alınmış cavablar göstərir ki, bu müraciətlər onlara vaxtında baxılıb tədbir görülməməsindən və dəfələrlə olunmuş müraciətlərə laqeyd yanaşılmasından irəli gəlir".


Teqlər:  





Xəbər lenti