Ötən il AÇG-də hasilat 230 milyon barreldən çox olub

Ötən il AÇG-də hasilat 230 milyon barreldən çox olub
  21 Fevral 2017    Oxunub:1752
2016-cı ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 230 milyon barreldən çox, yəni 31,1 milyon ton təşkil edib.
“BP-Azerbaijan” şirkətindən AzVision.az -a bildirilib ki, ötən il ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Hesabat dövründə AÇG-dən ümumi hasilat – “Çıraq” (54 min), “Mərkəzi Azəri” (144 min), “Qərbi Azəri” (114 min), “Şərqi Azəri” (72 min), “Dərinsulu Günəşli” (126 min) və “Qərbi Çıraq” (120 min) platformalarından birlikdə – gündə orta hesabla 630 barrel olub.

Keçən il AÇG-də ümumilikdə 100 neft hasilat quyusu, 49 qaz və su injektor quyusu istismarda olub. Bu quyulardan 5-i 2016-cı ilin sonuna olan göstəricilərə görə, BP-nin dünyadakı 10 ən məhsuldar quyusunun sırasında olub. Ötən il AÇG-də 15 neft hasilat quyusu, 7 suvurma və bir qaz injektor quyusu qazılıb.

Ötən il AÇG layihəsinə təqribən 503 milyon dollar əməliyyat və 1,45 milyard dollar isə əsaslı məsrəflər xərclənib.

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq 2016-cı ildə iki planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib - sentyabr ayında “Dərinsulu Günəşli” və noyabr ayında “Şərqi Azəri” platformasında.

Plana əsasən “Dərinsulu Günəşli” platformasından hasilat sentyabr ayında 11 gün ərzində, “Şərqi Azəri”də isə noyabr ayında 12 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformaların təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu işlər tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.

Ötən il “BP-Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 7,5 milyon kubmetr, ümumilikdə isə 2,75 milyard kubmetr səmt qazı verib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

AÇG-də iştirak payları belədir: BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “Inpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), “TPAO” (6,8 faiz), “Itochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz).

AzVision.az


Teqlər:





Xəbər lenti