Ordu üçün 61 milyon pul yığıldı

Ordu üçün 61 milyon pul yığıldı
  02 Mart 2015    Oxunub:2074
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmini açıqlayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, 2015-ci il mart ayının 1-dək Silahlı Qüvvələrin Yardım Fondunun manat hesabına 61 653 116 AZN, dollar hesabına 211 791 ABŞ dolları, avro hesabına isə 593 avro vəsait daxil olub.

Bu onu göstərir ki, son bir ayda fonda yığılan vəsaitin həcmi 748 min 154 manat artıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu mərhum dövlət başçısı Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalar hesabına formalaşır.

Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, yığılan vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafına, hərbi təyinatlı məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə, onların istehsalına, təmirinə və modernləşdirilməsinə, hərbi elmi-tədqiqat və konstruktor-sınaq işlərinin aparılmasına, hərbi texnika, silah və döyüş sursatı alınmasına, hərbi kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına, hərbçilərin sosial və məişət problemlərinin həllinə yönəldilə bilər.

Beynəlxalq Bankın Binəqədi rayon filialında Silahlı Qüvvələrə Yardım Fondunun manat, dollar, avro hesabları fəaliyyət göstərir.

AzVision.az


Teqlər:





Xəbər lenti