Oqtay Əsədov deputatlarla birgə Rusiyaya gedir

Oqtay Əsədov deputatlarla birgə Rusiyaya gedir
  15 Aprel 2015    Oxunub:2164
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının növbəti iclasında və 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün sabah Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Parlamentdən AzVision.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Arif Rəhimzadə, deputatlardan Rasim Musabəyov, Rüfət Quliyev, Hacı Salayev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində parlamentin sədri MDB PA-nın Şura iclasına qatılacaq. Şurada təşkilatın 42-ci plenar sessiyasının gündəliyinə daxil olan məsələlər müzakirə olunacaq, Parlamentlərarası Assambleyanın ötənilki fəaliyyətinin nəticələri dinləniləcək. Qurumun plenar iclasında Vətənin müdafiəsi zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi, Vətənpərvərlik ruhunda tərbiyə, Sərhəd təhlükəsizliyi, Auditor fəaliyyəti haqqında model qanun layihələrinə və digər məsələlərə baxılacaq.

Deputatlarımız qurumun Sosial siyasət və insan hüquqları, Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq, Hüquqi məsələlər, Elm, təhsil üzrə daimi komitələrinin iclaslarında müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər. Nümayəndə heyətimizin üzvləri səfər çərçivəsində 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirlərə qatılacaqlar. Milli Məclis sədrinin buradakı tədbirlərdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Səfər aprelin 17-də başa çatacaq.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti