Onlar bizi eşitmir, biz onları görmürük – PROBLEM

Onlar bizi eşitmir, biz onları görmürük – PROBLEM
  29 Avqust 2014    Oxunub:14945
Ümumdünya Səhiyyə Təşkilatı xəbər verir ki, dünyada hər 9 uşaqdan biri eşitmə və danışma qabiliyyətindən məhrumdur. Bu da təbii ki, bu cür uşaqları xeyli problemlərlə üzləşdirir. Danışmaq və eşitmək qabiliyyətindən məhrum insanlar ilk növbədə normal insanlarla ünsiyyət qurmaqda, normal iş yerləri tapmaqda, ailə həyatı qurmaqda əziyyət çəkirlər. Ölkəmizdə eşitmə və danışma qabiliyyətini itirmiş xeyli sayda insan var.

AzVision.az “Nitq və eşitmə qüsuru olanlar üçün məktəb” layihəsində iştirak edən bu cür gənclərin bir neçəsilə söhbət edib, onların qarşılaşdıqları problemləri işıqlandırmağa çalışıb.

Söhbət zamanı öyrənirəm ki, eşitmə və danışma qabiliyyətini itirmiş gənclərin ən böyük problemi işsizlikdir. Orxan adı gəncin anası Cəmilə xanım oğlunun neçə müddətdir CV göndərməsinə baxmayaraq, hələ də işsiz olduğunu deyir:



- Onların bekar qalmaları öz günahları deyil. Bu, cəmiyyətin günahıdır. Birinci problem ondan ibarətdir ki, Prezidentin sərəncamı yerinə yetirilmir. Sərəncama əsasən hər bir müəssisə rəhbəri heyətinin tərkibinin iki faizini əlil şəxslərdən təşkil etməlidir. Belə hallara isə çox az-az rast gəlinir. Orxan CV–ni verib, indiyə kimi bir cavab ala bilməmişik. Birinci qrup əlillərə iş verilmir. İkinci və üçüncü qrupdan olan əlillərə az da olsa iş tapmaq olar. Onlara fəhlə kimi işləmək təklif olunsa da, maaşları çox azdır. 43 manat müavinət alır oğlum. Bu pul da təbii ki, Orxanın xərclərinə kifayət etmir.

Danışma qabiliyyətindəm məhrum Nigar isə artıq evlidir. Həyat yoldaşı da bu cür əngəllidir. O da ailəsinin yaxşı yaşaması üçün işlə təmin olunmasını istəyir.




- Doğrudur müavinət alırıq. Ancaq bu, kifayət etmir. Bir övladım var. Yoldaşım da mənim kimi danışa bilmir. O, işləyir, sadəcə olaraq ailənin normal dolanması üçün mənim də işləməyim vacibdir. Hələ ki anam bizə köməklik edir. Amma həmişə belə olmayacaq axı,- deyir Nigar.

Gənclər arasında cəmiyyətin onlara olan münasibətindən narazılıq edənlər də oldu. Gülərlə söhbətimizdən:



- Mən istəmirəm ki, kimsə bizə ögey münasibət göstərib, yuxarıdan baxsın. Biz də cəmiyyətin bir hissəsiyik. Hərdən bu cür münasibətlə qarşılaşırıq. O zaman mən çox pis oluram. Ona görə də özüm kimi olan gənclərlə ünsiyyət qurmağa üstünlük verirəm. Buradakı gənclər kimi mənim də əsas istəyim işləməkdir.

Gənclərin iş problemi olması ilə yanaşı, evlilik məsləsində də çətinliklərinin olmasının şahidi oldum. Çox zaman valideynlər, xüsusən qızları özləri kimi əngəlli oğlanlarla ailə həyatı qurmaq istəyirlər. Çünki onlar əngəlsiz insanların övladlarını anlamayacaqlarından narahat olurlar. Bu cür düşüncə və cəmiyyətin münasibəti öz növbəsində onların gələcək həyatlarında bir çox maneələr yaradır.

Digər problemlərdən biri telviziyalarımızın bu cür insanları nəzərə almayıb, verilişlərdə surdotərcümədən istifadə etməməsidir. Buna görə də gənclər yalnız titrlı filmlərə baxa bilirlər.

Bu gənclərlə işləyən psixoloq Aynur Bəbirova deyir ki, uşaqların, əsas problemləri cəmiyyətin onları qəbul etməməsidir:



“Onlar küçədə, ya metroda jestlərlə danışanda insanların diqqətlə baxmaları onları qıcıqlandırır. Daha sonra, həm dostluq həm də sevgi münasibətlərini qurmaqda çətinlik çəkirlər. Uşaqlıqdan valideyn tərəfindən onlara aşılanır ki, özün kimi eşitməyəni sevə bilərsən. Elələri ilə tanış olmaq imkanı isə çox azdır. Tanışlıq, ya ünsiyyət üçün uyğun bir yer, ya cəmiyyət yoxdur. “Karlar cəmiyyəti” də formal xarakter daşıyır.

Onların əksəriyyəti ümumiyyətlə, “əlil” adını daşımaq istəmirlər. Mən ilk işləməyə başlayanda dedilər ki, onların öz aləmləri var, ehtiyatlı olun ünsiyyət zamanı. Düşündüm ki, mən hamıyla dil tapa bilirəm, çətin olmaz. Amma elə ilk toplum görüşdə sözlərin həqiqət olduğunu anladım. Üstündən 1 ay keçəndən sonra artıq aramızda baryer olmadığını hiss elədim.

Onlarla işləyərkən, ya adi ünsiyyət zamanı belə çox səbirli olmaq lazımdır. Bəzilərində aqressiya müşahidə olunurdu ilk vaxtlar, o da fikrini çatdıra bilməməsindən irəli gəlirdi.

Müşahidələrim onu göstərdi ki, eşitməmək cəmiyyətə qarışmaq üçün bir maneə deyil. Maneə sadəcə, savadsızlıqdır. Savadlı valideynin uşaqları özlərindən əmin, bacarıqlı, ünsiyyətcil, komplekssiz olurlar. Uşaqların cəmiyyətdə özlərini necə aparmaları birinci növbədə valideynlərinin onlara qarşı münasibətindən irəli gəlir”.

Psixoloq bildirir ki, uşağının eşitməməyindən utanan valideynin uşağı da özünə qapalı və aqressiv olur.

Bəzən ailədə belə uşaqlar dünyaya gəldikdə atalar çəkilirlər kənara, olur ki, ailəni belə tərk edirlər. Bütün yük belə ailələrdə anaların çiyinlərində olur. Belə ailələrdə valideynlər bir-birlərine təkan, dayaq olmalıdırlar.

- Bu xanımlar sözün əsl mənasında müqəddəs Analardır. Hamısı zahirən güclü görünmək istəyirlər. Amma psixoloji saatda ən güclü xanımın göz yaşları tökməyini görəndə aciz qalırsan. Belə qadın sadəcə elədiklərinə görə adi minnətdarlıq sözünü eşitmək də istəyir,- deyir psixoloq.

Onun sözlərinə görə, cəmiyyət əlilliyi olan insandan qorxmamalıdır:



“Əsl əlillər daxili nifrət hissiylə dolu, sevgisiz, paxıl insanlardır. Valideynlərə isə əsas tövsiyə o olardı ki, övladlarını yaxşı, ya pis olduğu üçün sevməsinlər, onların parçası olduqları üçün sevsinlər”.

Valideyn bəzən düşünür ki, uşağım eşitmirsə, cəmiyyətdən təcrid olunacaq, buna görə də savad vermirlər, yalnız hansısa sənətə yiyələndirirlər. Eşitməsi zəif olan və yaxud eşitməyən uşaqların kitab oxumasına heç bir maneə olmamalıdır, amma onların arasında kitab oxuyana demək olar ki, rast gəlmədim. Bizim birinci qüsurumuz savadsızlıqdan irəli gəlir. Ona görə də öncə valideynlərin, sonra isə uşaqların maariflənməsinə fikir verməliyik. Valideyn biləndə ki, uşağında eşitmə problemləri var, onun müraciət edib peşəkar məsləhət ala biləcəyi bir mərkəz olmalıdır”.

Qeyd edək ki, “Nar Mobile” mobil operatoru yeni “Nitq və eşitmə qüsurlular üçün məktəb” layihəsini reallaşdırmağa başlayıb. Belə ki, 2014-cü ilin iyul, avqust və sentyabr aylarında eşitmə qüsurlu insanların bacarıqlarının artırılması üçün mobil operator tərəfindən xüsusi kurslar təşkil olunub. Layihə çərçivəsində təşkil olunacaq kurslara yaşları 15 ilə 28 arasında olan nitq və eşitmə qüsurlu 25 gənc qatılıb. Məşğələlər florist-dizayner, bərbər, kompüter texnologiyaları və dekorativ əl işlərindən ibarət olmaqla dörd istiqamət üzrə aparılır. Mobil operator kurslarda fərqlənən gənclərin işlə təmin edilmələri üçün də lazım olan dəstəyi əsirgəmir. Şirkətdə hazırda 15 nəfər eşitmə qabiliyyəti məhdud olan əməkdaş çalışır.

Şahanə RƏHİMLİ
Nuron Məmmədov
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti