Ölümündən sonra anasına səbr diləyən şəhid şair – MÜSAHİBƏ+VİDEO

Ölümündən sonra anasına səbr diləyən şəhid şair – MÜSAHİBƏ+VİDEO
  20 Yanvar 2017    Oxunub:14677
Könül Bünyadzadə fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitunun baş elmi işçisi, 8 fəlsəfi kitabın müəllifi və 20 Yanvar hadisələrində şəhid olan istedadlı gənc şair Ülvi Bünyadzadənin bacısıdır. O, qardaşının qəhrəmanlığından, onunla keçirdiyi uşaqlıq illləri ilə bağlı xatirələrindən danışıb.

- 5 yaşımıza qədər göyçədə yaşamışıq. O zaman Ülvi 4-cü sinifdə oxuyurdu. Evimizin böyüyü Ülvi hər şeydə bizə nümunə idi. İki qardaşın bir bacısı idim. Kiçik bir dünyamızı üçümüz doldururduq. Ən sevdiyimiz oyun öz aləmimizdə “uçmaq” idi. Elə zənn edirdik ki, başımız buludlara dəyir. Həmin bu oyunu sevimli itimiz də bizimlə bərabər oynayırdı. Böyük bir bağımız da var idi. Uşaqlığımız çox gözəl keçirdi...

Atam geoloqdur. Ailə həyatı qurmamışdan əvvəl Rusiyada çalışırdı. Evlənəndən sonra Ermənistanın Zod qəsəbəsində qızıl mədənlərində işləyirdi. Daha sonra atamın işi ilə bağlı Daşkəsən rayonuna köçdük. Atam orada dağ mədənində işləyirdi. Həyatımızın qalan hissəsi orada keçdi. Orta məktəbi də Daşkəsəndə oxuduq. Ali məktəbə daxil olduqdan sonra Bakıya köçdük.

- Sizin üçün Ülvi Bünyadzadə kimdir?

- Ülvi mənim üçün hər şeydən əvvəl, böyük qardaşımdır. Uşaqlıqdan mənim üçün nümunə olan bir şəxsdir. O, əsgərlikdə olanda orta məktəbdə oxuyurdum. O vaxtlarda qardaşıma məktub yazıb, ondan məsləhət alırdım. Yeddinci sinifdə oxuyanda Ülviyə dedim ki, mənim başqa idealım yoxdur, ancaq sənsən. Fəlsəfə doktoru olduqdan sonra Ülviyə bir daha, fərli gözlə baxdım. Onda daha çox şeyləri gördüm. Ülvi 20 yaşında böyük bir qəhrəmanlığı, yaradıcılığı sığışdıran bir insandır. Özü də böyük hərflərlə adı yazılan bir şəxs. Elə o illərdə “Gəncliyin fəlsəfəsi”ni yazdım. Ülvini də həmin kitabımda qəhrəman seçdim. Burada fərqli insanlarla Ülvini müqayisə etdim.



- Qardaşınızın yaradıcılığından danışaq. Hardan idi gənc oğlanda o qədər istedad?

- Atam geoloq olsa da, yaxşı şeirlər də yazırdı. Evimizdə şeirlərin, əsərlərin müzakirələri gedərdi. Anamsa gözəl bir xalça ustası idi. Şair bir atanın, ilmələrlə naxış yaradan ananın uşaqlarıyıq biz. Bütün bunlar Ülviyə də təsir edirdi. O, ilk şeirlərini hələ 5 yaşında olarkən yazmışdı. Şeirlərini yazıb, atama göstərirdi. Ülvi böyüdükcə şeirlərinin məzmunu da böyüyürdü. Fəlsəfəsi güclü idi. Onun yazdığı şeirlərin əsas mövzusu Vətənlə bağlıdır. Bir neçə il əvvəl Ülvinin oxuduğu məktəbdə oldum. Həmin məktəb Daşkəsəndə dağların qoynunda yerləşir. O mənzərəni görəndə dedim ki, burda oxuyan elə şair olar...

- Qardaşınızın hansı şeirlərini əzbər bilirsiniz?

- Şeir əzbərləmək üçün yaddaşım o qədər də güclü deyil. Amma Ülvinin bir neçə misrası var ki, yaddaşıma həkk olunub.

Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun, şaxtasından, soyuğundan mən qorxmuram.
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun, acısından, ağrısından,
«Ölüm» adlı yuxusundan mən qorxmuram.
Yollar saysız,
Yollar sonsuz,
Yollar ötür,
Dünənimdən, bu günümdən, sabahımdan ötür keçir.
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Çünki, dünyadakı bütün yollar
Anamın təndir evinin qabağından ötür keçir.


Bu misralarda Ülvi öz taleyini yazıb:

Atama oğul deyiləm, Anama oğul deyiləm.
Bu ocağın kor çırağı, yanmayacaq işığıyam.
Atam-anam zəmanədir, Mən zəmanə uşağıyam


Şeirlər çoxdur...Hər şeir də özündə bir xatirə yaşadır. Bir şeirində ölümündən sonra anasına səbr diləyir. Bu da təsirli şeirdir.
Ülvinin ən böyük poeması Əfqanıstan döyüşçülərinə həsr olunub. Poemanı oxuyanda bilmirsən ki, bu, Əfqanıstana yazılıb, ya Qarabağa.

- 20 yanvarla bağlı xatirinizdə nə qalıb?

- Həmin vaxt Daşkəsəndə yaşayırdıq. Mən də orta məktəbdə oxuyurdum. Qardaşlarım isə Bakıda tələbə idi. Yanvarın 20-si Daşkəsəndə söz yayıldı ki, Bakıda güllə-baran olub, insanları qırıblar. O dəqiqə anam dedi ki, Ülvi də orada olacaq. Çünki onu yaxşı tanıyırdıq. Çətinliklə Bakı ilə əlaqə saxladıq. Bizə telefonda dedilər ki, Ülvi yaralıdır. Amma anamgil buna inanmadı. Çünki Ülvi fiziki cəhətdən zəif uşaq idi. Amma mən onun yaralı olduğuna inanırdım. İnana bilməzdim ki... ( Gözləri dolur)



Yolda gələ-gələ Ülviyə verəcəyim sualları hazırlayırdım. Həmin gecə nə baş vermişdi? Şəhərə çatanda qorxulu mənzərə ilə rastlaşdıq. Şəhərin girişində gördüm ki, cavan bir oğlan Sovet Azərbaycanının bayrağını dirəkdən qırıb, yerə atdı. Mən də o vaxt uşaq idi. Özlüyümdə fikirləşdim ki, bu niyə bayrağı yerə atır? Çox təəccübləndim. Bir qədər şəhərin içərisinə girəndə gördüm ki, adamlar ağlaşırlar. Nə baş verdiyini bilmirdim.

- Şəhid olduğu yer haqqında nə bilirsiniz?

- Ülvi Xarici Dillər Universitetində oxuyurdu. Özü də imtahan vaxtı imiş. O, imtahanı vaxtından əvvəl veribmiş və müəllimlərinə deyib ki, axşam tanklar gələcək. Müəllimləri onu saxlamaq istəsələr də, dayanmayıb. Bir neçə gənclə birlikdə şəhərə girən tankların qarşısına çıxıb. Əvvəlcə onlar elə biliblər ki, tanklar silahsızdır. Ülvi insanları çölə çıxmağa qoymayıb. Amma özü silahsız tankların qarşısına çıxıb və deyib ki, burada olanlar silahsızdır, atmasınlar. Elə həmin vaxt açılan atəşdən sonra şəhid olub.

Yadımdadır ki, Xarici Dillər Universitetinə kimi onu piyada gətirdilər. Həmin vaxt izdihamın içərisində itdim. Gördüm, hər kəs bizim kimidir. Biz tək deyilik. Bu, məni qorxudan xilas etdi. Şəhidlər Xiyabanına kimi Ülvini piyada apardıq. Görürdüm ki, insanlar karvan kimi keçir. Ömrümdə o qədər qərənfil və insan görməmişdim... (Gözləri dolur...) Bunlar mənim daşlaşmış xatirəm oldu...



- Bütün olanların günahı kimdədir?

- Sovet İmperiyası özünü qoruyub saxlamaq istəyirdi. Bütün bunlar siyasi proseslər idi. Bütün belə proseslər qanlı qurbanlar tələb edir. Mən buna fəlsəfi cəhətdən yanaşıram. İlk uşaq doğulanda ağlaya-ağlaya doğulur. 20 yanvarda da bütün Azərbaycan ağladı. Çox qurbanlar verdik. 20 yanvarda yeni Azərbaycan doğuldu. Böyük qurbanlar hesabına...

- Qardaşınızla bağlı çoxmu cavabsız suallarınız var?

- Əlbəttə... Ülviyə veriləsi suallarım çox idi. Hadisələr vaxtı şagird idim. Sonralar öz peşəmi yox, Ülvinin peşəsini seçdim. Ülvidən soruşmaq istərdim ki, necə baxır buna... Bəzən onu yuxumda görürəm, danışırıq.

- Son görüşünüz yadınızdadır?

- Bəli. O sonuncu görüşümüzdə dərslərim barədə danışdıq. Ona dedim ki, Tibb Universitetinə hazırlaşıram. Qardaşımla qol-boyun o baş-bu başa getdik. Hər kəsə böyük qürurla göstərdim ki, mənim belə qardaşım var. Bu görüşdən 3 ay sonra o şəhid oldu.
Ülvi bu gün də mənim üçün 20 yaşında bir qardaşdır. O mənim üçün bu gün də var. Nə qədər ki, Azərbaycanımız sağdır, Şəhidlərimiz də ölmür.

Miri Məcidli
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov
AzVision.az / Femida.az



Teqlər:





Xəbər lenti