Ölümdən qorxmayan Səmədoğlu... - FOTOLAR

Ölümdən qorxmayan Səmədoğlu... - FOTOLAR
  28 Yanvar 2015    Oxunub:8256
Azərbaycanın böyük şairi, əvəzsiz dramaturq Vaqif Səmədoğlu bu gün dünyasını dəyişib. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Xalq şairi 76 yaşında bizi tərk etdi.

O, hələ sağlığında mətbuata verdiyi müsahibələrində xəstəliyindən söz açmış, ölümdən qorxmadığını deyərdi. Xalq şairinin 75 illik yubileyində səsləndirdiyi bu fikirləri hamını təsirləndirdi:

- İndi 75 yaşındayam. Mən yaşda çox az şair qalıb. Mən indi çox yaşamaq, çox yazmaq istəyirəm və həyat yoldaşım Nüşabə xanımı günbəgün daha çox görmək istəyirəm. Həyatım elə gətirdi ki, dünyanın bir çox tanınmış insanlarını görmək mənə qismət oldu. Hələ uşaqkən, 51-ci ildə Moskvada olanda Stalini görmüşəm.

Azərbaycanda mən yaşda nadir adam olar ki, “Boris Pasternakla araq içdiyini”, Fadeyevlə, İlya Erenburqla görüşdüyünü desin. İndiki klassiklərin əksəriyyəti bizim evə gəlib-gedib, çoxuna əmi demişəm. Mənim həyatımın ən parlaq səhifələrindən biri Moskva konservatoriyasında keçib. Təsəvvür edin, dəhlizlərlə gedirsən və içindən keçirirsən ki, burdan Çaykovski, Raxmaninov keçib.

Son vaxtlar əlim nə fortepianonu tutur, nə də qələmi. Yazmaq mənə çətindir. Bir neçə dəfə cəhd etdim ki, xatirələrimi diktafona danışım, o da alınmadı. Get-gedə xatirələr elə qəlizləşir, elə qəddarlaşır ki, ha çalışırsan bir yaxşı, səni sevindirən bir xatirə yada salasan, mümkün olmur. Xatirələrin belə qəddarlığı, sualların artması, cavabların tükənməyi məni incidir. Daha heç bir suala cavabım yoxdur.

Bu yaxınlarda Parisdən dostum, məşhur gürcü kinorejissoru Otari İoseliani mənə zəng etdi, o ağlaya-ağlaya dedi ki, Vaqif, istəmirəm Gürcüstanda kapitalizm olsun və dəstəyi asdı. Kapitalizm uğrunda milli azadlıq hərəkatı oldu, meydanlara çıxdıq, mübarizə apardıq, amma indi görürəm ki, kapitalizmin bizə verdiyi azad ticarət, demokratiya da dəhşətli, cavabsız sual imiş. Deməyə sözlər çoxdur, ancaq o sözlərin qarşısını “xərçəng” adlanan bir açar bağlayıb, yaxşı ki, düşünməyə mane ola bilmir, arzulara mane olmur. Ölümdən qətiyyən qorxmuram, səmimiyyətimə inanın, zərrə qədər də ölümdən qorxmuram, çünki mən onu tanımıram.

İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.

İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.

İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm..

Qalereya




Teqlər:  





Xəbər lenti