Ölkəyə xarici investorları necə cəlb edə bilərik?

Ölkəyə xarici investorları necə cəlb edə bilərik?
  09 Fevral 2016    Oxunub:4293
Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasından sonra Azərbaycanda qeyri-neft sektoruna diqqət artıb. Prezident İlham Əliyev də məmurlarla keçirdiyi görüşlərdə bu məsələyə toxunaraq ölkədə qeyri-neft sektorunun inkişafı, xarici investorların cəlb edilməsi ilə bağlı ciddi tapşırıqlar verib.
Çıxışlarında ölkəyə xarici sərmayənin qoyulmasının əhəmiyyətini vurğulayan ölkə rəhbəri sərmayədarlara münbit şəraitin yaradılmasının vacibliyini qeyd edib.

“Biz çalışmalıyıq ki, xarici investisiyaları qeyri-neft sektoruna cəlb edək. Bu günə qədər xarici sərmayədarlar daha çox neft-qaz sektoruna maraq göstəriblər. Bu da təbiidir, çünki orada daha böyük qazanc əldə edirlər. Amma bizim siyasətimiz ondan ibarətdir ki, əlbəttə, neft-qaz sektoruna da xarici sərmayə qoyulmalıdır və qoyulur”.

Ölkəyə xarici investorları cəlb etmək üçün hansı işlər görülməlidir?

İqtisadçı Samir Əliyev bildirib ki, indiki şəraitdə Azərbaycanın neft gəlirləri kəskin azaldığından ölkədə maliyyə sabitliyini təmin etmək, valyuta təminatını qarşılamaq üçün xarici investisiyaların cəlb edilməsi vacibdir.

“Hazırda elə bir vəziyyət yaranıb ki, hər bir dövlət investisiya cəlb etmək üçün mübarizə aparır. Azərbaycanda yerli investisiya üstünlük təşkil edir, xarici investisiya isə demək olar ki, çox azdır. İndi elə bir vəziyyət yaranıb ki, dövlətin investisiya qoymaq imkanları məhdudlaşıb. Xarici investisiya cəlb etmək üçün bir sıra addımlar atılmalıdır”.



Ekspertin sözlərinə görə, xarici investorlar ilk növbədə dövlətdən zəmanət tələb edirlər: “Zəmanət o zaman özünü göstərir ki, biznesin təminat səviyyəsi öz əksini tapmalıdır. Hesab edirəm ki, ilk növbədə Azərbaycanda yüksək hüquqi problemlər aradan qalxmalıdır. Bu sahədə çox saylı problemlər var. Dünya Bankının da hesablamalarında Azərbaycanda əsas problemlərdən biri kimi mülkiyyət hüququ göstərilir. Mülkiyyət hüququ ona görə vacibdir ki, sabah hər hansı investor Azərbyacana investisiya yatırdığı halda əmin olsun ki, onun hüquqları qorunacaq”.

S.Əliyev qeyd edib ki, xarici investorları Azərbaycana cəlb etməyin bir yolu da ölkədə korrupsiyanın olmaması, rəqabət mühitinin yaradılmasıdır.

İqtisadçı hesab edir ki, xarici ölkələrə investisiya yatırmaq istəyən iş adamları Beynəlxalq Agentliklərin həmin ölkə haqqındakı rəylərinə, hesabatlarına diqqət yetirirlər.

“Əgər rəy normaldırsa, o zaman investorlar ölkəyə təşrif buyururlar. Əks halda çox çətin vəziyyət yaranır. İndiki vəziyyətdə Azərbaycana xarici investisiya cəlb etmək üçün ciddi addımlar atılmalıdır. Ölkədə bunun üçün münbit şərait yaradılmalıdır”.



Ekspert Oktay Haqverdiyev hesab edir ki, investorlar xaricə xüsusi şərtlər daxilində pul yatırırlar. İqtisadçının sözlərinə görə, ilk növbədə ölkədə vergi sistemi, korrupsiya məsələsi araşdırılır. Bundan başqa pul yatırılan ölkənin infrastrukturuna da xüsusi diqqət yerilir:

“Xarici investorlar infrastruktura maliyyə yatırmırlar. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi beynəlxalq qurumlardan Azərbaycandakı vəziyyətlə maraqlanırlar. Bir sözlə, bu şərtləri yerinə yetirə bilsək, xarici ölkələr Azərbaycana investisiya yatıra bilərlər”-deyə Oqtay Haqverdiyev bildirib.



Millət vəkili Vahid Əhmədovun fikrincə, ölkəyə xarici investor cəlb etmək üçün lazımı işlər görülməlidir: “Azərbaycanda əmək haqqı və pensiyalar daha çox neftdən gələn gəlirlər hesabına verilirdi. Hazırda dünyada məlum olduğu kimi neftin qiymətində kəskin azalma müşahidə olunur. Qonşu dövlətlərdə olan devalvasiya prosesi ölkəmizə təsirsiz ötüşmür. Çünki Azərbaycan dünyaya inteqrasiya edən bir dövlətdir. Qonşu dövlətlərdə problem varsa, idxal-ixrac əməliyyatlarında bizim üçün də müəyyən problemlər yaranır və bu ölkə iqtisadiyyatına təsir edir. Ona görə də alimlər uzaq prespektivə deyil, yaxın prespektivə işləməlidirlər ki, Azərbaycanda sənaye və kənd təsərrüfatında inkişaf artsın. Qeyri-neft sektoru inkişaf etsin. Hesab edirəm ki, bu sahədə islahatlar aparılarsa, Azərbaycan üçün müsbət nəticələr əldə ediləcək”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti