Ölkədə vergi amnistiyası tətbiq edilə bilərmi?

Ölkədə vergi amnistiyası tətbiq edilə bilərmi?
  12 Fevral 2016    Oxunub:1815
Bakıda keçirilən V Vergi Formunda Amerika Ticarət Palatasının (AmCham) nümayəndəsi Nuran Kərimov maraqlı təkliflə çıxış edib. O, Azərbaycanda vergi amnistiyasının tətbiq edilməli olduğunu bildirib.

N.Kərimovun sözlərinə görə, ölkədə sabit vergi dərəcələri tətbiq edilməlidir: “Əgər amnistiya tətbiq edilərsə, azərbaycanlı sahibkarlar xaricdə olan pullarını geri qaytararlar. Ukrayna və Rusiyada sabit vergi dərəcələri tətbiq ediləndən sonra büdcə daxilolmaları artıb”-deyə N. Kərimov bildirib.

Azərbaycanda vergi amnistiyası tətbiq oluna bilərmi?

İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, vergi amnistiyasının tətbiq olunması vacibdir. Ekspertin fikricə, vergi amnistiyasının tətbiqi ölkədə sahibkarlığın inkişafında dönüş yarada bilər.

“Ölkədə bir çox sahibkarların illərdir vergi borcları var. Həmin borclara faizlər hesablanır. Amma sahibkarların bu borcu qaytarmağ imkanı yoxdur. Belə olan halda sahibkar öz fəaliyyətini genşləndirə bilmir, digər tərəfdən büdcə üçün nəzərdə tutuluan vəsaiti onlardan almaq mümkün olmur. Odur ki, vergi borclarının strukturuna baxıb, geri qaytarıla bilməyən kreditlər, borclarla bağlı amnistiyaya ehtiyac var”.

Ekspert qeyd edib ki, amnistiyanın verilməsi vergi borclarının strukturunun təzələnməsinə imkan verəcək: “Amnistiya verildikdən sonra sahibkarların işinə mane olan vergi borcları silinəcək və onlar öz fəaliyyətlərini genişləndirmək, bir sözlə rahat nəfəs almaq imkanı əldə edəcəklər. Sahibkarlığın inkişafı üçün bunu dəstək kimi qiymətləndirmək də olar. Bundan başqa kağız üzərində olan borclara hər ay faiz hesablanması heç nəyi dəyişmir. Yaxşı olar ki, kağız üzərində olan və “ölmüş” hesab olunan borclar ləğv olunsun, fəaliyyətini bərpa edən sahibkarlar bundan sonra dövlət büdcəsinə ödəniş etsinlər. Vergi amnistiyasının tətbiqi dövlət büdcəsinə daxilolmalara da müsbət təsir edəcək. Bundan başqa vergi amnistiyasının verilməsi sahibkara, dövlətə və vergi orqanlarının fəaliyyətinə də müsbət təsir edəcək”.

Millət vəkili vahid Əhmədov hazırki durumda vergi amnistiyasının qəbulunu məqbul hesab etmir. “Dövlət tərədindən sahibkarlar vergi güzəştləri edilir. Bununla bağlı müvafiq qanunlar qəbul edilib. Hansı sahədə vergi güzəşti lazımdır, bu istiqamətdə güzəştlər edilir. Məsələn, texnoparkların tikilməsində onları 7 il müddətinə vergidən azad etdik. Bundan başqa kənd təsərrüfatı torpaq vergisindən başqa bütün vergilərdən azaddır. Mütəmadi olaraq vergi islahatları aparılır. Lakin vergi amnistiyasının verilməsi birmənalı qəbul edilmir”,- deyə Vahid Əhmədov bildirib.

İqtisadçı Samir Əliyevin sözlərinə görə, vergi amnistiyasının həyata keçirilməsində məqsəd ölü kapitalı ölkəyə cəlb etməkdir: “Rusiyada artıq belə bir addım atılıb. Avropa 4-5 il öncə ciddi böhran yaşadığı vaxt İtaliya da analoji addımı atıb. Bu addımın atılmasında əsas məqsəd ölü kapitalı ölkəyə cəlb etməkdir. Xüsusilə də Azərbaycan vətəndaşlarına məxsus olan, xaricdə yatırılan kapitalları ölkəyə gətirmək vacibdir Bu baxımdan belə addımlar atılır. Bunun effekt verməsi o deməkdir ki, sahibkar əmin olmalıdır ki, onun gizlətdiyi vəsaitlərin rəsmiləşdirilməsindən sonra bu onun əleyhinə istifadə edilməyəcək. Bunun üçün ölkədə normal şərait, mühit formalaşdırılmalıdır. Ölkədə mülkiyyət hüququ qorunmursa, tətbiq edilən vergi amnistiyası heç bir nəticə verməyəcək. Hazırki durumda vergi amnistiyası nə qədər cəlbedici olsa da, ciddi bir effekt verəcəyini düşünmürəm. Bu qərarın verilməsi üçün ölkədə çox işlər görülməlidir".

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti