Ölkə başçısı Naxçıvanda açılışlar etdi - (Fotolar+Video)

Ölkə başçısı Naxçıvanda açılışlar etdi - (Fotolar+Video)
  11 Yanvar 2017    Oxunub:3868
Yanvarın 11-də Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimi olub.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısına məlumat verildi ki, inşa ediləcək Su Elektrik Stansiyasının gücü 36 meqavat olacaq. Derivasiya tipli stansiya Araz çayı üzərində yerləşəcək. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunacaq. Hidroqovşağın əsas qurğularının tərkibinə elektrik stansiyası, tənzimləyici bənd, su qəbuledici qurğu, çökəltmə hovuzu, derivasiya kanalı, yükləmə hovuzu daxildir.

Daha sonra Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısına “Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, tikinti işlərinin icrasına 2012-ci ildə başlanılıb. Layihəyə əsasən Culfa şəhərində və Gülüstan kəndində su şəbəkəsi, Culfa şəhərində isə kanalizasiya şəbəkəsinin tikintisi aparılıb, ev birləşmələri aparılaraq sayğac quraşdırılıb.

Prezident İlham Əliyev sutəmizləyici qurğuda istifadə edilən avadanlığa baxdı. Sonra dövlətimizin başçısı Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsini bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi.

Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış olub.

Həmçinin Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib.



Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib. Dövlətimizin başçısına “Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verilib.



Bu gün Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyevə burada görülən işlərlə bağlı ətraflı məlumat verilib.Prezident İlham Əliyev məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Sonra dövlət başçısı məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev mərasimdə çıxış edib. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti