Oklahoma senatı Azərbaycanla bağlı qətnamə qəbul etdi

Oklahoma senatı Azərbaycanla bağlı qətnamə qəbul etdi
  16 Aprel 2014    Oxunub:943
ABŞ-ın Oklahoma ştatının Senatı tərəfindən ABŞ-Azərbaycan strateji tərəfdaşlığına və "Ştat Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma Milli Qvardiyasının Azərbaycanla əməkdaşlıq əlaqələrinin 11-ci ildönümünə həsr olunmuş qətnamə qəbul edilib.
Qətnamə Senatın sessiyası zamanı Oklahoma Milli Qvardiyasının rəhbər heyəti və Azərbaycanın Vaşinqtondakı səfirliyinin nümayəndə heyətinin iştirakı ilə oxunduqdan sonra səsverməyə çıxarılmadan yekdilliklə təsdiq edilib.

Senator Tom İvester tərəfindən irəli sürülmüş qətnaməyə senatorların hamısının həmmüəllif qismində qoşulması nadir bir hal olmaqla yanaşı, Oklahoma Senatının Azərbaycanla tərəfdaşlıq münasibətlərinə verdiyi önəmin mühüm göstəricisi olub.

Qeyd edək ki, qətnamədə ölkəmizin zəngin dövlətçilik və multikulturalizm ənənələri vurğulanaraq Azərbaycanın müsəlman şərqinin ilk parlamentli respublikası olması və müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun Azərbaycanda verilməsi, habelə ölkəmizdə müxtəlif etnik və konfessiyalara mənsub insanların əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşadığı qeyd olunur.

Qətnamədə, həmçinin Azərbaycanın ABŞ və NATO-nun etibarlı tərəfdaşı olması, İraq və Balkanlarda olduğu kimi Əfqanıstanda da sülhməramlı əməliyyatlara töhfə verməsi, Əfqanıstana gedən yüklərin 40%-nin Azərbaycanın ərazisindən daşınması bildirilir.
Sonda qətnamədə Oklahoma qanunverici orqanının "Ştat Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma Milli Qvardiyası və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin uğurlu əməkdaşlığının 11-ci ildönümünün qeyd edilməsi, habelə ABŞ-Azərbaycan strateji tərəfdaşlığının dəstəklənməsi və bu tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticari, mədəni, hərbi və təhlükəsizlik sahələrində daha da gücləndirilməsinə dair ABŞ hökumətinə müraciəti əks olunub. Qətnamə qəbul edildikdən sonra onun surəti Azərbaycan nümayəndə heyətinə təqdim edilib.

Qətnaməyə dair daha ətraflı məlumat BURADAN əldə oluna bilər.

Qətnamə təqdim edildikdən sonra Oklahoma Milli Qvardiyasının Hava Qüvvələrinin komandanı general-mayor Qriqori Ferqyuson çıxış edib. Qətnaməyə dəstək ifadə etdiklərinə görə senatorlara minnətdarlığını ifadə edən Q.Ferqyuson Azərbaycanın regionda ABŞ-ın əsas strateji tərəfdaşı olduğunu və "Ştat Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma Milli Qvardiyası və Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında on ildən çox bir dövr ərzində faydalı tərəfdaşlıq münasibətlərinin formalaşdırıldığını bildirib.

Komandan proqram çərçivəsində görülmüş işlər barədə qanunverici orqan üzvlərini məlumatlandıraraq, bu əməkdaşlığın hər iki tərəfin maraqlarına cavab verdiyini və Oklahoma Milli Qvardiyasının bu münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb.

Daha sonra səfir E.Süleymanov Senatda çıxış üçün dəvət edilib. Səfir öz növbəsində qanunverici orqan mənsublarına öz dərin təşəkkürünü bildirib və bu sənədin ştatla ölkəmiz arasında münasibətlərin gələcəkdə inkişaf etdirilməsi üçün möhkəm zəmin olacağına əminliyini ifadə edib.

Çıxışlar yekunlaşdırıldıqdan sonra Azərbaycan nümayəndə heyəti Oklahoma Senatının prezidenti Brayan Binqmanla görüş keçirib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Oklahoma Milli Qvardiyasının qərargahına baş çəkib və tərəflər arasında tərəfdaşlıq münasibətlərinin gələcək perspektivlərinə dair ikitərəfli müzakirələr aparılıb.


Teqlər:  





Xəbər lenti