Ohanyan istefaya göndərilir?

Ohanyan istefaya göndərilir?
  30 Aprel 2016    Oxunub:7535
Ermənilərin istefa tələbi: Ohanyan və Nalbandyan getməlidir...

Aprel döyüşlərindəki ağır məğlubiyyət Ermənistanın hakim dairələrində ciddi təşvişə səbəb olub. Bir-birinin ardınca zərbələr alan Serj Sarkisyan vəziyyəti düzəltmək üçün Müdafiə Nazirliyində general ovuna çıxıb. Ermənistan rəhbərliyi Qarabağ döyüşlərindəki məğlubiyyətə görə 3 general vəzifəsindən azad etməklə orduda ixtisarlara start verib. Heç şübhəsiz ki, dəyişikliklər bundan sonra da davam edəcək. Hətta iddia edilir ki, Sarkisyanın hədəfində ölkənin müdafiə naziri Seyran Ohanyan da var. Əlbəttə, Ohanyanın işdən çıxarılması Ermənistan hakimiyyəti üçün o qədər də asan məsələ deyil. Söhbət günahkar axtarışından gedirsə, aprel məğlubiyyətinə görə, birbaşa Sarkisyan və Ohanyan məsuliyyət daşıyır. 3 generalın qovulması isə sadəcə görüntü xatirinə atılan addımdır. Ola bilsin ki, Sarkisyan ixtisarlara başlamaqla Ohanyanın “taxtını” laxlatmaq və ona yolu göstərmək niyyətindədir. Təsadüf deyil ki, cəbhədəki döyüşlərdən sonra İrəvanda keçirilən etiraz aksiyalarında ermənilər Ohanyan və XİN rəhbəri Eduvard Nalbandyanın istefasını tələbə edirdilər. Sözsüz ki, bu göydən düşmə tələb deyil, arxasında böyük ehtimalla ölkə rəhbərliyinin Ohanaya “tezliklə gedəcəksən!” mesajı durur.



Azərbaycanın sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev AzVision.az-a açıqlamasında bildirib ki, məğlubiyyət olmadığı halda heç bir general istefaya göndərilmir: “Ermənistan cəbhədəki son əməliyyatlarda məğlub olmasaydı, Sarkisyan heç bir generalı işdən çıxarmazdı. Məğlubiyyət var və onlar işdən çıxarılıb. Sarkisyanın bu addımı göstərir ki, erməni ordusunda kəşfiyyat, texnika yox səviyyəsindədir”.

D.Rzayev hesab edir ki, Sarkisyan məğlubiyyətin əsas səbəbkarlarını yox, ikinci dərəcəli şəxsləri cəzalandırıb: “Ermənistan prezidenti məğlubiyyətə görə üç generalı işdən çıxardı. Ancaq, əsas günahkar özü və müdafiə naziri Seyran Ohanyandır. Təbii ki, Sarkisyan özü və Ohanyanı cəzalandıra bilməz. Çünki, Ohanyan onun ən yaxın adamlarından biridir. Bu baxımdan Ermənistan rəhbərliyi günahı özgəsinin boynuna atır, Ohanyanı qoruyur. Ancaq, nazir kimi onun böyük bir fəaliyyəti yoxdur”.



Sabiq müdafiə naziri qeyd edib ki, cəbhədə məğlubiyyətə görə, bütövlükdə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır: “Ümumən hərbidə belə bir qayda var ki, məğlubiyyətə görə bütün generallar günahkardır. Son hadisələr göstərdi ki, erməni ordusunun komanda tərkibi çox zəifdir. Eyni zamanda Ermənistanın hərbi potensialı aşağı səviyyədədir. Əgər Azərbaycanın hərbi büdcəsi, Ermənistanın dövlət büdcəsindən çoxdursa, burada hansı uğurdan söhbət gedə bilər? Azərbaycan müasir silahlara malik olduğu halda Ermənistan SSRİ-dən qalma köhnə silahlarla savaşır. Ona görə məğlubiyyət bu ölkə üçün qaçılmazdır”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Serj Sarkisyan Ohanyanı tutduğu postdan uzaqlaşdıra bilməz: “Seyran Ohanyan müdafiə naziri olmaqla yanaşı, “Qarabağ klanı”nın üzvüdür. Eyni zamanda onun vaxtilə Qarabağda döyüşmüş adamlarla əlaqəsi var. “Qarabağ klanı”nındakı mövqelərini zəiflətmək istəməyən Serj Sarkisyan Ohanyanı yerindən tərpətməyəcək.

Seyran Ohanyan istefa verəcəyi təqdirdə postundan gedə bilər. Ohanyan istəmədən Sarkisyan onu işdən çıxara bilməz. Bunun üçün “Qarabağ klanı”nın razılığı əsasdır”,- deyə politoloq bildirb.



M.Əhmədoğlunun fikrincə, Ohanyandan fərqli olaraq Nalbandyanın vəzifədən göndərilməsi hazırki durumda mümkündür.

“Ermənistanda Nalbandyandan güclü xarici işlər naziri olmayıb. Böyük bir yalanı beynəlxalq aləmə sırımağı ondan yaxşı bacaran yoxdur. Nalbandyan 10 gün öncə Kazan prinsiplərindən, ötən gün isə yenilənmiş Madrid prinsiplərindən danışdı. Qısa bir zaman kəsiyində bu qədər böyük manevr edir və Sarkisyanın açıq bəyanatını təkzib edir. Bu, hər adamın işi deyil. Bununla belə ermənilər Nalbandyana nifrət edir. Hesab edirlər ki, Nalbandyan Moksvanın adamıdır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti