Odlar yurdunun rəngləri Lüksemburqda göstəriləcək

Odlar yurdunun rəngləri Lüksemburqda göstəriləcək
  10 İyun 2015    Oxunub:1521
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi iyunun 15-dən 20-dək Lüksemburqda “Odlar yurdunun min bir rəngi” adı altında Azərbaycanın gənc qadın rəssamlarının sərgisini təşkil edəcək. Bu barədə İctimai Birliyin sədri, Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professoru Şəhla Nağıyeva məlumat verib.

Onun sözlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən mədəniyyət tədbirinin məqsədi Avropalıları Azərbaycanın son illərdə qazandığı uğurlarla, Azərbaycan təbiətinin gözəllikləri ilə, Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış etməkdir. Qarabağ mövzusuna aid rəsmlər də nümayiş olunacaq sərgiyə gələnlərə Azərbaycan tarixi, Azərbaycanın mədəniyyəti və incəsənəti, Azərbaycan mətbəxi, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri əks etdirən buklet, kitab və broşüralar paylanacaq.

Sərginin Bakıda Avropa oyunlarının keçirildiyi günlərə təsadüf etdiyi üçün gənc rəssamlar “Baku 2015. Avropa oyunları” mövzusunda rəsmlər də təqdim edəcək, bu mühüm beynəlxalq idman tədbirinin əhəmiyyətini bir daha göstərməyə çalışacaqlar.

Lüksemburqda keçiriləcək sərgidə Azərbaycanın gənc qadın rəssamlarından Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərləri nümayiş olunacaq.

Xatırladaq ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi oxşar mədəniyyət tədbirlərini ötən illərdə ABŞ, İtaliya, Almaniya və Avstraliyada da təşkil edib.


Teqlər:





Xəbər lenti