Novella Cəfəroğlu Qubad İbadoğlunu müdafiə etmədi

Novella Cəfəroğlu Qubad İbadoğlunu müdafiə etmədi
  02 Oktyabr 2014    Oxunub:1899
“Arif Hacılı 1-2 il özünü doğrultmasa partiya toplanıb yenidən sədr seçəcək”

Müsavat Partiyasının üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu başqanlıq seçimlərində məğlub olan Qubad İbadoğlunun etirazlarına münasibət bildirib.
N.Cəfəroğlu AzVision.az-a açqlamasında seçkilərin şəffaf keçirildiyini deyərək narazılıqlara ehtiyac olmadığını bildirib:

“Kim nə deyir desin, seçki hər kəsin gözü qarşısında baş tutdu. Ondan əvvəl nə olub olmayıb dərinliyinə varmıram”.

Partiyadaxili fikir ayrılıqlarının olduğunu deyən N.Cəfəroğlu etiraz edənləri qınayıb.
“Müsavat Partiyasında da hər bir partiyada olduğu kimi söz-söhbətlər də olacaq, narazı qalanlar, seçkidə pozuntunun olduğunu deyənlər də olacaq. Narazı insanlar öz fikrini deməlidirlər, bu da partiyada demokratik mühitin olduğunun göstəricisidir. Müsavat həm də güclü partiyadır, onu 10 nəfər tərk etsə, 15-i gələcək”.

Hüquq müdafiəçisi hesab edir ki, əgər Arif Hacılı 1-2 il özünü doğrultmasa partiya toplanıb yenidən sədr seçəcək:

“Bu gün Arif Hacılı seçilib, ola bilər sabah Qubad İbadoğlu seçilsin, o da potensial namizəddir bu vəzifə üçün. 4 nəfər namizədliyini vermişdi, hamısını eyni vaxtda seçmək olmazdı axı. Qubad bəy ağıllı və çox sanballı insandır, ona görə də inanmıram ki, o, Müsavatdan getsin. Mən onun müsavatçı olduğuna inanıram, 28 nəfərin ona səs vermədiyinə görə, partiyadan getsə, üzr istəyirəm o zaman o, müsavatçı deyil. İkincisi də ki, kim istəyir getsin, onsuz da yenə qayıdacaqlar”.

Qeyd edək ki, Müsavat Partiyası sentyabrın 27-i keçirdiyi VIII qurultayında partiyaya yeni başqan seçdi. Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoyun namizəd olduğu seçkidə 228 səs toplayan Arif Hacılı başqan seçildi. 200 səs toplayan Qubad İbadoğlu isə açıqlamalarında seçkidə narazı qaldığı məqamların və pozuntuların olduğunu bildirmişdi.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti