Nobelə namizəd olan gəncəli alim: `Elm dəqiqliyi sevir`

Nobelə namizəd olan gəncəli alim: `Elm dəqiqliyi sevir`
  06 İyun 2016    Oxunub:9315
AMEA-nın Gəncə bölməsinin doktorantı, gənc antropoloq-alim Elnur Həsənovun Nobel mükafatına namizəd olması haqda məlumatlar yayılıb.

Yerli KİV-də yer alan xəbərə əsasən, İsveç Kral Akademiyası Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikasının Elm üzrə “Prezident mükafatçısı”, İsveç Kral Akademiyasının, Yaponiya Elm cəmiyyətinin və Frankfurt – Höte (Almaniya) Universitetinin fəxri üzvü, Gəncədən olan gənc alim Elnur Həsənovun namizədliyi Nobel mükafatı Komitəsinə irəli sürülüb.

29 yaşlı alim Elnur Həsənov AzVision.az-a açıqlamasında namizədliyi ilə bağlı Nobel mükafatı Komitəsindən rəsmi cavab gözlədiyini bildirib.

“Payız aylarında hər şey məlum olacaq. Bu haqda danışmaq tezdir. Namizədliyim Nobel Komitəsindən aslıdır. Onlar bizimlə bağlı hər hansı bir rəsmi sənəd təqdim etsələr, bunu ictimayyətə açıqlayacağıq. Hazırda rəsmi cavab gözləyirik. Sənədsiz danışmaq mənə, ümumiyyətlə elm adamına yaraşmaz. Elm dəqiqliyi sevir”.

Hazırda Gəncədə yaşayan Elnur Həsənov Yaponiya və İsveçdən olan alimlərlə birgə tarix sahəsi üzrə tədqiqat işləri apardığını deyib.

“Hazıda bu istiqamətdə işlərimiz davam edir. Üzərimizə düşən işləri görürük. Qeyd edim ki, cənab prezident ötən il sərəncam imzalayaraq bizi təltif etmişdi. Buna görə dövlət başçısına təşəkkür edirik. Nobel mükafatı ilə bağlı demək istərdim ki, bir az səbrli olmaq lazımdır. Allahın köməkliyi ilə hər şey yaxşı olacaq.

Hazırda Komitədə seçkilər gedir. Qeyd edim ki, seçkilər zamanı daha çox tətbiqi elmlər üzrə mütəxəssislərə üstünlük verilir. Mənim sahəm olan tətbiqi-antropologiyaya da bura daxildir. Hər an hər şey ola bilər. Biz öz işimizi davam etidiririk. Kitab-dəftərimiz əlimizdə tətqiqatlarımızı davam etdiririk”.



Qeyd edək ki, Həsənov Elnur Lətif oğlu 1987-ci ildə anadan olub. 2004-2008-ci illərdə Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsində, 2009-2011-ci illərdə həmin fakültənin Azərbaycanın yeni və müasir tarixi ixtisası üzrə magistratura şöbəsində təhsil alıb.

2007-ci ildə AMEA Gəncə Bölməsinə işə qəbul edilib. Hazırda AMEA Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun doktorantıdır.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, “Elm üzrə Prezident mükafatı” ilə təltif edilib, İsveç Kral Akademiyasının, Yaponiya Elm Cəmiyyətinin və Frankfurt – Höte (Almaniya) Universitetinin fəxri üzvüdür.

E.Həsənov Yeni Azərbaycan Partiyasının üzvüdür. Subaydır.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti