Niyə bizdə ərzaq bahadır? – SƏBƏBLƏR

Niyə bizdə ərzaq bahadır? – SƏBƏBLƏR
  18 Sentyabr 2014    Oxunub:4956
Azərbaycanda insanların narahat edən məsələlərdən biri də kənd təsərrüfatı və ərzaq mallarının qiymətləridir. Əhali məhsulların qiymətlərinin qonşu ölkələrlə müqayisədə yüksək və öz gəlirlərilə tərs mütənasib hesab edir.

Elə bu səbədən də AzVision.az bir sıra ölkələrdə bir neçə məhsulun qiyməti ilə maraqlanıb.

Rusiyada: çörək 44 qəpik, kartof 25 qəpik, soğan 50 qəpik, şəkər 75 qəpik, ət 5-9 manat, yumurta 11 qəpikdir.
Ukraynada: çörək 24 qəpik, kartof 35 qəpik, soğan 53 qəpik, şəkər 55 qəpik, ət 4 manat 50 qəpik, düyü 70 qəpikdir .
Gürcüstanda: kartof 50 qəpik- 1 manat, soğan 50 qəpik, ət 6-7.5 manat, duru yağ 3 manat, kərə yağı 2 manatdır.
Türkiyədə: kartof 1-1.4 manat, yağ 7.7- 9.9 manat, dana əti 7 manat 60 qəpik, quzu əti 9 manat 40 qəpikdir.

Bir sıra ölkələrlə müqayisədə Azərbaycanda kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətinin yüksək olması əvvəla, onunla bağlıdır ki, müqayisə etdiyimiz ölkələr Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının üzvüdirlər. Bu təşkilatın üzvü olduqları üçün həmin ölkələr xaricdən vergisiz və rüsumsuz, yaxud az vergi və rüsumla kənd təsərrüfatı məhsullarını idxal edə bilirlər. O baxımdan, ucuz idxal imkan verir ki, daxili bazarda qiymətləri aşağı olsun.

İkinci səbəb onunla bağlıdır ki, Azərbaycanda qonşu Gürcüstanla müqayisədə əhalinin alıcılıq qabiliyyəti daha yüksəkdir. Və bu da təbii ki, əhalinin gəlirlərinin artması ilə bağlıdır. Alıcılıq qabiliyyəti istehlak bazarında qiymətlərə təsir göstərir, bahalıq yaradır.

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, digər məqam yerli məhsulların qiymətlərinin yüksək olması ilə bağlıdır: “Yerli məhsulların qiymətinin yüksək olması birmənalı şəkildə onunla bağlıdır ki, Azərbaycanda subsiyadalaşma mexanizminin dəyişilməsinə ehtiyac var. Mövcud mexanizm kəndçiyə kənd təsərrüfatı məhsullarının xərclərini azaltmağa imkan vermir. Nəzərə alaq ki, Azərbaycanda subsiyadalar hər hektara görə müəyyənləşdirilib, adi məhsullar istehsal edənlər üçün 40 manat, strateji məhsullar istehsal edənlər üçün 80 manat ödənməlidir. Amma inkişaf etmiş ölkələrdə subsiyadaların məbləği fermerin istehsal etdiyi məhsulun həddinə uyğun olaraq müəyyənləşir. Fermer daha çox məhsul istehsal edirsə, o zaman çox subsidiya almaq imkanına malik olur. Bu da ona xərclərini azaltmaq şansını verir”.

V. Bayramova görə, qiymətləri azaldılması üçün əvvəla, idxalın liberallaşdırlması vacibdir. Bu, imkan verəcək ki, ölkəyə ucuz ərzaq və ya kənd təsərrüfatı məhsulları daxil olsun. Bununla qiymətlərin tənzimlənməsinə və bazarda rəqabətin gücləndirilməsinə nail olunacaq.

İkincisi, subsidiyaların məbləğininin istehsal olunan məhsulun həcminə uyğunlaşdırlması və bu iki indikator arasında əlaqənin formalaşdırılmasına ehtiyac var. Bu, məhsul istehsalının artmasına, həm də istehsal olunan məhsulun bir hissəsinin xərcinin dövlət tərəfindən kompensasiya edilməsinə imkan verəcək.

- Bazara çıxış imkanları genişləndirilməlidir. Birmənalı şəkildə fermerlər özləri öz məhsullarını bazara çıxarmağa çalışmalıdırlar. Fermer korporativlərinin yaradılmasının sürətləndirilməsinə ehtiyac var. Avropa təcrübəsi göstərir ki, bu, fermer təsərrüfatında istehsal olunan məhsulun xərcinin azalmasına gətirib çıxarır. Çünki hər bir fermer öz məhsulunu ayrı-ayrılıqda maşın icarə edərək bazara çıxarırsa, korporativlərin yardılması imkan verəcək ki, fermerlər sadəcə bir maşın tutmaqla öz məhsullarını bazara çıxarsınlar, bu da onlara ucuz başa gələcək.- deyə ekspert əlavə edib.

Millət vəkili Eldar İbrahimov qiymətlərin qonşu ölkələrlə müqayisədə ucuz olduğunu dedi:

- Qonşu ölkələrdə qiymətlər çox bahadır. Mən xaricə gedəndə də, müəyyən ölkələrdə olanda da bazarlara gedirəm. Burada isə həftə sonları Kənd Təsərrüfatı Nazirliyi yarmarka təşkil edir. Fermer, sahibkar gətirib öz malın sata bilir . Hamı da qiymətdən razı qalır. Həftə içi isə hamı gileylənir ki, bazar bahalaşıb. Ona görə ki, möhtəkirlər, alverçilər kəndlini bazara girməyə qoymurlar. Onlar özləri fermerdən məhsulu tutaq ki, bir manata alır, özləri beş manata satırlar. Bazarda bahalaşmanı süni surətdə yaradan möhtəkirlərdir. Bunlara nəzarət olmalıdır. Və bazar tənzimlənməlidir. Məsələn, Naxçıvan bazarında niyə bahalaşma yoxdur? Çünki Naxçıvan bazarı kəndçinin üzünə açıqdır. Orada bahalaşma yoxdur. Əgər bazar mənim əhalimin əleyhinədirsə, nəzarət etmək, tənzimləmək də lazımdır.

Bəhanə gətirirlər ki, Rusiyada bazar açılıb deyə, Azərbaycanda qıtlıq əmələ gəlib. Ona görə bahalaşma gedir. Bu, heç də belə deyil. Rusiyaya bazar açıldığına görə mən fermerlərin, kəndçilərin tərəfindəyəm. Məhsulunu satsın, bazarı olsun. Və lap baha qiymətə satsın. Çünki alın təri ilə bu məhsulu istehsal ediblər. O da aparıb küçəyə tökəsi deyil ki. Amma öz bazarımız da tənzimlənməlidir, Bazarda qıtlığı yaradan adamlar deyir ki, Rusiya bazarına yol açılıb, ona görə qıtlıqdır... Qıtlıq deyil. Əgər keçən illə müqayisədə Rusiya bazarına 16 min ton çox kənd təsərrüfatı məhsulu gedibsə, bəs İrandan, Türkiyədən bizə nə qədər məhsul daxil olub? Onu da nəzərə alsınlar da. 16 min ton gedibsə, 56 min ton da daxil olub. Yəni Azərbaycan bazarında qıtlıq yoxdur. Və bu bahalaşma da qıtlıqdan deyil, möhtəkirlərin süni surətdə qiymətləri qaldırması ilə bağlıdır.

Digər iqtisadçı ekspert Pərviz Heydərov isə bildirir ki, qiymətlər tələb və təklifin nisbəti nəticəsində yaranır:

- Ərzaq məhsulları buna xüsusilə həssasdır. Lakin bir cəhət də var ki, qiymətlərə süni amillər də təsir edə bilər. O baxımdan ki, məsələn, bəzi növ kənd təsərrüfatı və ərzaq məhsullarının istehlakçılara çatdırılmasında, istehsalında və satışında dəllalların, işbazların və yaxud inhisarçı dairələrin, eləcə də ucuz idxalın maneəçiliyi olsun. Bunların Azərbaycanda tamamilə mövcud olmadığını iddia etmək səhv olardı. Lakin etiraf etmək lazımdır ki, müvafiq hökumət strukturları bunlara qarşı mübarizə aparmaqdadır. O ki qaldı, qonşu ölkələrlə müqayisəyə, burada bir məqama diqqət yetirmək vacibdir ki, Azərbaycanın ən zəruri ərzaq məhsulları üzrə daxili istehlak bazarını nə İran, nə Gürcüstan və nə də ki, Rusiya ilə müqayisə etmək düzgün deyil. Burada əhalinin alıcılıq qabiliyyəti və bazarın spesifikası mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, sonuncu statistikaya əsasən, 2014-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq, 24,0 milyard manata çatıb ki, onun hər nəfərə düşən həcmi 2559,9 manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 2,4 faiz üstələyərək 3,8 faizə çatıb. Diqqəti cəlb edən cəhət odur ki, qeyd olunan statistikaya əsasən, gəlirlərin 70,2 faizi son istehlaka, o cümlədən ərzaq məhsullarının alınmasına sərf olunub.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti