Nərgiz Paşayeva beynəlxalq tədbirdə - Foto

Nərgiz Paşayeva beynəlxalq tədbirdə - Foto
  31 Oktyabr 2014    Oxunub:1717
Londonda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri arasında ənənəvi görüş keçirilib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri Nərgiz Paşayeva Cəmiyyətin Böyük Britaniya tərəfindən həmsədri, parlamentin Lordlar Palatasının üzvü Lord German ilə görüşüb.

Londonun “Roayl Garden” otelinin tədbirlər zalında keçirilən ənənəvi illik yığıncaqda, həmçinin ölkəmizin Birləşmiş Krallıqdakı səfiri Tahir Tağızadə, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, İngiltərə-Azərbaycan Cəmiyyətinin icraiyyə komitəsinin üzvləri, Britaniyanın dövlət və hökumət rəsmiləri, deputatlar, Londonda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, diasporumuzun təmsilçiləri, yerli və xarici ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Nərgiz Paşayeva toplantıda çıxış edərək cəmiyyətin mərhum həmsədri Lord Freyzerin xatirəsinin unudulmaz olduğunu bildirib. O, yeni həmsədr Lord Germanın da səylərinin cəmiyyəti xüsusilə xeyriyyə, mədəniyyət və təhsil sahəsində gələcək uğurlara aparacağına əminliyini söyləyib. Paşayeva İngiltərə-Azərbaycan Cəmiyyətinin nailiyyətləri sayəsində qazanılan nüfuzun qurumun əsas qürur mənbəyi olduğunu qeyd edib.

Azərbaycan və Britaniyanın gözəl ölkələr olduğunu deryən N. Paşayeva bu ölkələri gözəlləşdirən ən vacib amillərdən birinin insanlar olduğunu vurğulayıb: “Belə insanlar gələcəyimizin zəmanətidir. Keçmiş təcrübələrimizin xalqlarımız arasındakı əlaqələri yeni mərhələyə daşıyacağından əminəm”.

Çıxışına Azərbaycan dilində davam edən Nərgiz Paşayeva ana dilimizdə danışmağın əhəmiyyətini vurğulayaraq, Azərbaycan dilini dünyanın hər tərəfində təbliğ etməyin vacibliyini diqqətə çatdırıb. O, Azərbaycanın ən böyük nailiyyətinin onun müstəqilliyini yenidən bərpa etməsi olduğunu qeyd edib. Nərgiz Paşayeva bildirib: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan ilə Britaniya arasında əlaqələr genişlənib və iki ölkə arasında İngiltərə-Azərbaycan Cəmiyyəti kimi əhəmiyyətli bir qurum fəaliyyət göstərir”.

Qalereya




Teqlər:  





Xəbər lenti