Nemtsovun qətlində adı hallanan şəxs AXCP üzvüdür – DOSYE

Nemtsovun qətlində adı hallanan şəxs AXCP üzvüdür – DOSYE
  03 Mart 2015    Oxunub:13747
Rusiyanın müxalifət lideri Boris Nemtsovun Moskvada müəmmalı şəkildə qətlə yetirilməsi günlərdir dünya mətbuatının əsas müzakirə mövzusuna çevrilib. Qətllə bağlı müxtəlif versiyalar səsləndirilir, iddialar irəli sürülür. Rusiyanı silkələyən qətlin kim tərəfindən törədilməsi və sifarişçisi dəqiq bilinmir, yaxud da ictimaiyyətə açıqlanmır. Rəsmi açıqlamalara görə, hazırda bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.

Cinayətin ən diqqətçəkan məqamı isə Azərbaycanın müdafiə nazirinin sabiq müavini, polkovnik İsa Sadıqovun Nemtsovun qətlində adının hallandırılmasıdır. Bu haqda Rusiyanın məşhur “İzvestiya” qəzeti sensasion iddia ilə çıxış edib.

İstintaq briqadası siyasətçinin qətlində Ukrayna izinin olduğunu istisna etmir. Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə qətlə yetirildiyi iddia edilən Nemtsovun ölümünü isə Cövhər Dudayev adına çeçen batalyonunun təşkil etdiyi deyilir. Qəzet Nemtsovun qətlilə bağlı yaydığı məlumatda azərbaycanlı hərbçinin adını xüsusi vurğulayıb. Məlumatda qeyd edilib ki, Nemtsovun qətlində Cövhər Dudayev adına batalyon şübhəli hesab edilir, batalyonun qərargah rəisi Azərbaycanın sabiq müdafiə nazirinin müavini, polkovnik İsa Sadıqovdur.

Dünyanı bir-birinə qatan cinayət olayında Azərbaycanın sabiq nazir müavinin adı niyə hallanır?

Bu suala cavab tapmaq o qədər də asan məsələ deyil. Heç şübhəsiz ki, Rusiyanın iqtidaryönlü qəzetinin İsa Sadıqovla bağlı belə bir sensasion iddia irəli sürməsi təsadüfi görünə bilməz. Bu iddianın pərdəarxasında müəyyən məqamları durması qaçılmazdır. Haqlı olaraq sual ortaya çıxır ki, dünya miqyasında tanınan qəzet boş yerdən niyə İsa Sadıqovun adını belə bir qətldə çəksin ki?

İsa Sadıqovun rəhbəri olduğu batalyonun Nemtsovun qətlində hansı səviyyədə iştirak edib-etməməsi müəmmalı və qaranlıq məsələdir. Bu haqda ən səhih məlumata polkovnikin özü, yaxud da Nemtsovun qətlini araşdıran briqada malik ola bilər.

Haqqında yayılan məlumatlara çox keçmədən İsa Sadıqov aydınlıq gətirdi. O, AzVision.az-a açıqlamasında Nemtsovun qətlində rolunun olmadığını, yayılan informasiyaların təxribat olduğunu deyib: “Bunlar hamısı təxribatdır. Fikir verməyin. Nemtsovun qətlinin sifarişçisi hər kəsə məlumdur. Əgər belə bir şayiə yayıblarsa, deməli, Nemtsovun qatilləri tapılmayacaq. Onun ölümündə ancaq Putin rejimi günahkardır. İndiki halda Nemtsovun qətlində Ukrayna yox, Rusiya maraqlı idi. O ki, qaldı Ukraynda xüsusi xidmət orqanlarının bu qətli sifariş etməsinə, bu, gülünc iddiadır. Belə bir iddialı orataya atmaqla Rusiya izi itimək istəyir”.

Diqqətçəkən digər bir məqam isə Nemtsovun qətlində adı çəkilən İsa Sadıqovun Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olmasıdır. O, 2013-cü ildən Əli Kərimlinin rəhbəri olduğu partiyaya üzv olub. Uzun illərdir Azərbaycandan kənarda yaşayan Sadıqov sosial şəbəkələrdə Əli Kərimlini və onun siyasi mövqeyini dəstəkləyən fanatlardandır. O, radikal müxalif mövqeyi ilə Azərbaycan iqtidarının əleyhinə silsilə kampaniyalarda iştirak edib.

İsa Sadıqov kimdir?

İsa Nazar oglu Sadıqov 24 iyun 1958 ildə Gürcüstan Respublikasında anadan olub. 1965-1975-ci illərdə orta məktəbdə oxuyub. 1975 -1979-cu illərdə Tbilisi Ali Harbi məktəbində tahsil alıb. O daha sonra 1986-1989-ci illərdə Leninqrad Hərbi Akademiyasinda tahsil alıb.

1992-ci ildən Azərbaycan Müdafiə Nazirliyində briqada , korpus komandiri və qərb bölgəsində mudafiə nazirinin döyüş əməliyyatları uzrə müavini vəzifəsində xidmət edib.

İ.Sadıqov 1995-ci ildə istefa verərək ordu siralarını tərk edib. O, 2001-ci ildən Norveçin Oslo şəhərində yaşayır. Evlidir, iki oğlu var.


Qeyd edək ki, bu yaxınlarda millət vəkili, Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr Qüdrət Həsənquliyev Əli Kərimlinin Rusiyanın agenti olduğunu bəyan etmiş və bunu əsaslandırmaq üçün xeyli arqumentlər gətirmişdi. Maraqlıdır ki, Əli Kərimlinin Rusiyanın adamı olması haqda ittihamdan sonra AXCP üzvü İsa Sadıqovun adı Nemtsovun qətlində hallanır.

Anar Rüstəmov
AzVision.az



Teqlər:  





Xəbər lenti