Nazirliklə universitet müqavilə imzaladı

Nazirliklə universitet müqavilə imzaladı
  23 İyul 2014    Oxunub:1601
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq müqaviləsi bağlanıb.
Universitetdən AzVision.az-a daxil olan məlumata görə, müqavilədə ADİU-nun nəzdində yaradılan “İnnovativ Biznes–inkubator”un keçirdiyi tədbirlərə maliyyə və təşkilati dəstəyin göstərilməsi nəzərdə tutulub.

“İnnovativ Biznes–inkubator” layihəsi çərçivəsində tələbə “Start-up”ları üçün peşəkar təlimlərin, yeni başlayan tələbə-sahibkarlar üçün təlim kurslarının keçirilməsi, “Start-up”ların yaradılması üzrə ixtisaslaşdırılmış metodik ədəbiyyatın hazırlanması və dərc edilməsi, biznes-planların və marketinq-strategiyaların işlənib hazırlanması, şəxsi biznesin aparılması və inkişafı üzrə tövsiyyələrin işlənilməsi nazirliyin vəsaiti hesabına həyata keçiriləcək.

Müqaviləyə əsasən həmçinin, biznes-inkubatorların və “Start-up”ların fəaliyyətinə dair maarifçilik materiallarının buraxılışı, ADİU-nun “İnnovativ Biznes-inkubator”unun informasiya saytının yaradılması planlaşdırılıb.

Layihə 2014-cü ilin sonuna qədər davam edəcək və onun reallaşdırılması ölkə universitetlərində müxtəlif profilli biznes-inkubatorların və tələbə “Start-up”larının yaradılmasına və inkişafına əhəmiyyətli təsir göstərəcək.

Qeyd edək ki, “İnnovativ Biznes-inkubator”u ölkədə ilk dəfə olaraq ADİU-nun nəzdində yaradılıb. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı” çərçivəsində həyata keçirilən layihənin məqsədi tələbə və gəncləri biznesə cəlb etmək, tələbə sahibkarlığını inkişaf etdirməkdir.

AzVision.az


Teqlər:





Xəbər lenti